"Qarabağ" birinci oldu

23:39 - 12 Sentyabr 2013

UEFA son 5 ilin reytinq cədvəlini açıqladı

 

UEFA klubların 2013/14 mövsümü və son beş mövsüm (2009/10, 2010/11, 2011/12, 2012/13 və 2013/14) üçün reytinq cədvəllərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, cari mövsüm üçün hazırlanan siyahıda Azərbaycan klubları arasında ən yaxşı göstərici «Qarabağ»a məxsusdur. 


Ağdam təmsilçisi 237 komandanın yer aldığı siyahıda 43-cü yeri tutur. «Neftçi» 74-cü, «Xəzər Lənkəran» 119-cu, «İnter» isə 120-ci pillədə qərarlaşıb.


Hələlik bu siyahıya Rumıniyanın «Styaua» komandası başçılıq edir. Lakin avrokuboklarda qrup mərhələsinin və qarşıda hələ pley-off oyunlarının da keçiriləcəyini nəzərə alsaq, reytinq siyahısında köklü dəyişikliyin olacağı dəqiqdir.

Son beş mövsümün siyahısında da Azərbaycan klubları arasında «Qarabağ» liderdir. Bu mövsüm Avroliqanın pley-off mərhələsinə qədər gələn Qurban Qurbanovun komandası 453 komanda arasında 189-cu yeri tutur. Bununla da ötən mövsümün yekununda 228-ci yerdə olan Ağdam klubu 39 pillə irəliləməyə nail olub.

Son mövsümdə «Qarabağ»dan bir pillə irəlidə - 227-ci yerdə olan «Neftçi» də budəfəki reytinqdə irəliləyib. Lakin «ağ-qaralar» 28 pillə önə gedib 199-cu yeri tutsa da, ümumi göstəricidə «Qarabağ»dan 10 pillə geridə qalır.

Reytinq sihasında Azərbaycanın digər təmsilçilərindən «İnter» 276-cı, «Bakı» 279-cu, «Xəzər Lənkəran» 299-cu, AZAL 377-ci, «Simurq» isə 379-cu yeri tutur. Son beş mövsümün reytinq siyahısına «Barselona» başçılıq edir. «Bavariya» ikinci, «Real» (Madrid) isə üçüncüdür.

Ümumilikdə Azərbaycan isə UEFA-nın reytinqində bu mövsüm üçün hələlik 19-cu, beş mövsümlük göstəriciyə əsasən 30-cu yeri tutur. 

Xəbər xətti