Premyer Liqanın yeni bombardiri
“Favorit” verilişinin qonağı olan Rəşad Sadıqov onu belə xarakterizə etmişdi: “Hörmət saxlayan, əliaçıq, böyük-kiçik yeri bilən” - bu onun insani keyfiyyətləridir. Futbolçu kimi isə onun haqqında fikir bildirmək çox çətindir. O, qəhrəmandı, yoxsa antiqəhrəman?
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan İsrail yığmasını qəbul eləyirdi. Vaqif Cavadov sol cinahda yer almışdı. Dəqiqələr arxada qaldıqca onun fəallığı diqqətləri cəlb edirdi. Son dəqiqələrdə təhlükəli zərbə ilə yadda qalan Cavadov heç şübhəsiz ki, meydanda ən çox qaçanlardan bəlkə də birincisi idi. Oyundan sonra haqqında ən çox danışılan futbolçu da məhz Cavadov idi. Bəziləri onun fəallığını alqışlayır, digərləri isə onu boş-boş qaçmaqda, yerli-yersiz driblinqlər etməkdə və faydalı iş əmsalının çox aşağı olmasını vurğulayırdı.
Bir zamanlar “Qarabağ”ın vuran ayağı olan Vaqif Cavadov ölkənin ən sevilən futbolçularından idi. Bir-birindən gözəl qollara imza atan Vaqanın “Tvente”yə keçidi hər şeyi alt-üst etdi. Hollandiyada özünü tapa bilməyən Cavadov yenidən vətənə qayıtdı. Lakin artıq hər şey dəyişmişdi. “Bakı”da peyda olan Cavadov sanki özünə bənzəmirdi. Uğursuz Rusiya karyerasından sonra isə yenə “Qarabağ”a gəldi. Əslində Ağdam klubunda pis təsir bağışlamadı, lakin əvvəlki kimi parlaya bilmədi.
Ötən mövsüm bitdikdən sonra Cavadovun “Qarabağ”la yolları ayrıldı. Millinin üzvü çoxlarının gözlmədiyi halda “İnter”lə anlaşdı. Bu keçidin gözlənilməz tərəfi o idi ki, azarkeşlər Kaxaber Sxadadzenin bahalı futbolçuların transferinə həssas yanaşdığını bilirdilər. Belədə “Qarabağ”da “ulduzu sönmüş” futbolçunu böyük pullar qarşılığında transfer etmək nə qədər məntiqli idi? Ancaq o da bəlli idi ki, Kaxa güvənmədiyi yerli futbolçunu tranfer etməzdi. Gürcü mütəxəssis hətta kapitanlıq sarğısını Vaqif Cavadova həvalə etməkdən də çəkinmədi.
İlk zamanlar Cavadovun “İnter”də işləri qaydasında getmədi. Avroliqadakı uğursuzluqda ən çox günahlandırılan futbolçulardan biri də Vaqif oldu. “İnter” çempionata da pis başladı və liderlər qrupundan xeyli uzaq düşdü. Ancaq Premyer Liqada turlar arxada qaldıqca həm “İnter” mövqeyini yaxşılaşdırdı, həm də Vaqif Cavadov adından söz etdirməyi bacardı. Dünən “Neftçi” ilə qarşılaşmada “İnter” vacib qələbə qazandı. 3:1 hesablı qələbənin əsas memarı isə Cavadov oldu. 2 top vuran Vaqif 14 oyundan sonra 7 topla bombardirlər siyahısında liderliyə yüksəldi. Bu isə o deməkdir ki, Vaqif Cavadov yenə səhnəyə qayıtdı.
Şahin OĞUZ
saytlarin hazirlanmasi