Bu proje fiaskoya uğradı, Elxan bəy!
Marketinq bacarığı ilə öyünən AFFA-nın baş katibi Elxan Məmmədov deyəsən, bu sahədə əvvəlki kimi effektiv ola bilmir. Hər halda 2 böyük şirkətin AFFA ilə əməkdaşlıqdan imtina etməsinə başqa izah vermək olmur.
Bildiyiniz kimi, son illər U-15 Liqası “Kapital Bank”ın, U-17 Liqası isə “Azercell” şirkətinin adını daşıyırdı və AFFA bu əməkdaşlıq müqabilində büdcəsinə xeyli pul əlavə edirdi. Ancaq görünən odur ki, bu mövsümdən etibarən 2 böyük şirkət AFFA ilə əməkdaşlıqdan imtina edib və ya “müqavilə sona çatıb” adı altında yaxasını kənara çəkib.
AFFA-nın baş katibi Elxan Məmmədovun böyük şirkətlərlə əməkdaşlıq qurmaq bacarığını danmaq düzgün olmazdı. Çünki onun sayəsində AFFA-nın uğurlu layihələri də olub. Ancaq uşaq futbolu ilə bağlı sponsorlarla əməkdaşlıq özünü doğrultmadı. Marketinqdə önəmli prinsiplərdən biri reklam verən və reklam alan şirkətlər arasında qurulan əməkdaşlığın səmərəliyi ilə bağlıdır. Bir tərəf keyfiyyətli məhsulunu reklam etmək istəyir, ikinci tərəf isə aldığı pulun qarşısında həmin məhsulu reklam edir. Ancaq hələ ilk günlərdən hiss olunurdu ki, AFFA ilə bu şirkətlərin fəaliyyəti marketinq yox, tanışlıq xarakteri daşıyır. Çünki nə “Azercell” və “Kapital Bank” piar olunmağını tələb edir, nə də AFFA onların təbliğatını aparırdı. Məhz bu məqam əvvəlcədən uğursuzluğu şərtləndirirdi. Çünki biznes də siyasət kimidir – dost olmur, partnyorlar olur.
Hər zaman media qurumları arasında ayrı-seçkilik edən AFFA-nın idarəçiləri bu uğursuzluqlarına bir don geyindirəcəklər. Başqa çarələri də yoxdur. Məntiqlə göntürəndə, AFFA anlaşdığı sponsorların piarını qurmaq üçün bir çox media qurumları ilə əməkdaşlıq etməli idi. Ancaq futbol qurumu həmişəki kimi özünə yaxın bir-iki mətbu orqandan başqa qazandığı pulu heç kimlə bölüşmək istəmədi. Necə deyərlər, “tamahkarı yalançı aldadar”. Bu işlərdə AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu təşəbbüs göstərməli idi. O, bununla həm adıçəkilən qurumların reklam olunmasını təmin etməli, həm də media qurumların reklam bazarına daxil olmasını gerçəkləşdirməli idi. Ancaq statusu jurnalist, özü isə AFFA-nın məmuru olan Mikayıl bəy həmişəki kimi həmkarlarına yad münasibət bəslədi. Bəlkə də, bu məsələdə Elxan Məmmədovun yanında sözü keçmədi. Bu, artıq heç kimə maraqlı deyil.
P.S – Marketinqin qaydalarına görə, hər hansı tərəfdaşla müqavilə bağlamaq nə qədər əsasdırsa, həmin əməkdaşlığın daha uzunmüddətli olmasını təmin etmək daha vacibdir. Elxan Məmmədov isə əməkdaşlığın uzunmüddətli olmasını təmin edə bilmədi. Bu proje fiaskoya uğradı, Elxan bəy!
Şahin OĞUZ
saytlarin hazirlanmasi