Nicat Əliyev Gəncədə qaydaları pozdu
AZAL-ın əvəzedici heyətinin üzvü Nicat Əliyev dünən gecə saatlarında Gəncədə yol qəzası törədib.
Sportal.az xəbər verir ki, hadisə İsmət Qayıbov küçəsi ilə Atatürk prospektinin kəsişməsində iki avtomobilin toqquşması nəticəsində baş verib. Gənc futbolçunun sükanı arxasında olduğu “KİA CERATO” markalı avtomobil “QAZ 31”lə toqquşub.
Ardından isə “KİA CERATO”-nun sürücüsü idarəetməni itirərək avtomobili yolundakı işıqfora, daha sonra hasara çırpıb. Zərbənin təsirindən işıqfor yararsız hala düşüb.
Hadisə nəticəsində sürücülərə heç nə olmasa da, avtomobillərə, xüsusən də "Niko" ləqəbli futbolçunun “KİA CERATO” markalı avtomobilinə ciddi ziyan dəyib.
Hadisə yerinə cəlb olunan DYP rəsmilərinin verdiyi ilkin məlumata görə, qəzaya səbəb Əliyevin sürət həddini aşması olub.
19 yaşlı müdafiəçi əslən Gəncədəndi. O, ötən mövsümə kimi "Kəpəz"in əvəzedici heyətində forma geyinib. Nicat cari mövsümdən AZAL-ın sıralarına cəlb olunub. Futbolçu qış fasiləsini doğma şəhərində keçirmək üçün yeni aldığı avtomobillə Gəncəyə gedib.(rekord.az)
saytlarin hazirlanmasi