"Xatirələrdə qalıcı olmaq istəyirik"
Bakı” Futbol Akademiyasının yetirmələri Fransanın “Lans” klubuna transfer olunub. Bunlar Valeh Seyidov, Ülvi Süleymanov, Mahir Mədətov və Nicat Əsgərovdur. Seyidovla Süleymanov artıq Fransaya yollanıblar. Əsgərov isə müxtəlif səbəblərdən iki gün sonra adıçəkilən ölkəyə gedəcək.
“Bakı” rəhbərliyi öz akademiyasından yetişən 4 futbolçunun “Lans”a keçidinə şərait yaratmaqla, onların gələcəkdə daha iddialı komandalara transfer olunacaqlarına ümid edir. “Bakı” Futbol Akademiyasının yetirmələri Fransa klubu ilə müqavilə bağladıqdan sonra baş məşqçi Antone Kombuare şans verəcəyi təqdirdə mövsümün ikinci yarısında “Lans”ın heyətində meydana çıxa biləcəklər.
Qeyd edək ki, “Lans”a gənc futbolçularla yanaşı, Məqsəd Yaqubəliyev də yollanacaq. Fransa klubuna yollanacaq futbolçuların hamısı “Bakı”nın əvəzedici heyətində çıxış edir. 19 yaşlı Nicat Əsgərov müdafiəçi, 17 yaşlı Mahir Mədətov və 18 yaşlı Ülvi Süleymanov yarımmüdafiəçidir. Hücumçu mövqeyində çıxış edən Valeh Seyidovun da 18 yaşı var. Mədətov hazırda 1996-97-ci il təvəllüldü futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində Rusiyanın Sankt-Peterburq şəhərində FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI ənənəvi beynəlxalq turnirdə iştirak edir. O, turnirin ardından birbaşa Lansa gedəcək. Bakıda olan üç futbolçu ilə görüşüb səfər öncəsi fikirlərini öyrəndik.
- “Bakı” və “Lans” klubunun əməkdaşlığı çərçivəsində Fransaya yollanırsız. “Lans”a transferinizlə bağlı təəssüratlarınızı bilmək istərdik.
Nicat Əsgərov: - Milli komandanın heyətində ölkə xaricində olmuşuq. Ölkə xaricində oynamaq çətindir. Bunun üçün təcrübə toplamalısan. Yaxşı hazırlaşırıq. Demək olar ki, istirahət etməmişik. Hər gün məşq edirik. Ciddi yanaşırıq. Çünki bu biz gənclər üçün əla şansdır. Bizə inanıb “Lans”a göndərənlərin ümidlərini boşa çıxartmayacağıq.
Valeh Seyidov: - “Lans” klubundan gəlib biz 4 nəfəri seçiblər. Ora gedib özümüzü yaxşı tərəfdən göstərməliyik. Rəhbərliyin bizə göstərdiyi bu qayğı bizi çox sevindirir. Ölkə xaricində oynayaraq ölkəmizi Azərbaycanı ən yaxşı şəkildə təmsil etməyə çalışacağıq. Bunun üçün biz futbolçuların özümüzə inamımız olmalıdır. Bizə belə bir şərait yaratdığına görə “Bakı” klubunun prezidenti Hafiz Məmmədova minnətdarlığımızı bildiririk. “Lans”dakı çıxışımızdan sonra ölkə qayıdıb milli komanda və “Bakı” klubu üçün əlimizdən gələni edəcəyik.
Ülvi Süleymanov: - Bizim üçün bu şansı yaratdığına görə “Bakı” klubuna minnətdarlığımı bildirirəm. Özümüzü ən yaxşı tərəfdən göstərməliyik ki, orada qalıcı olaq. Hazırda ölkə xaricində top qovan azərbaycanlı futbolçuların sayı elə də çox deyil. Tanınmağımız, digər klubların diqqətini cəlb etmək üçün bacardığımızı nümayiş etdirməliyik. Ölkəyə daha böyük naliyyətlər əldə edərək qayıtmaq istəyirik. Əsas məqsəd həm milli komandanın, həm də “Bakı”nın əsas heyət üzvü olmaqdır.
- İlk dəfə uzun müddətə Azərbaycandan kənarda başqa ölkədə, fərqli mühitdə olacaqsınız. Gənc olduğunuzu nəzərə alaraq özünüzü buna hazır hiss edirsinizmi?
N.Ə. - Əlbəttə bizim üçün çətin olacaq. İnanıram ki, hamı bu çətinliyin öhdəsindən gələcək.
V.S. - Ailədən uzaqdan qalmaq bir az çətindir. Peşəkar futbolçu hər bir çətinliyə dözməlidir. Əgər çətinlik çəkməsən peşəkarlaşmazsan. Bunun öhdəsindən gələcəyik. İnanıram ki, yaxın gələcəkdə bu gün çəkdiyimiz əziyyətin bəhrəsini görəcəyik.
Ü.S. - Aşağı yaş qrupu üzrə yığma komandaların heyətində ölkə xaricində çox olmuşam. Bunun mənə problem yaradacığını düşünmürəm. Çünki bu prossesləri keçmişik. Bizim üçün əsas çətinlik orada özümüzdən böyüklərlə mübarizə aparmaq olacaq.
- “Bakı” uşaq futboluna xüsusi diqqət göstərən komandalardandır. Akademiyada bu qədər uşağın içindən seçiləcəyinizi gözləyirdinizmi?
N.Ə. - Bildiyiniz kimi, “Bakı”nın “Atletiko” və “Lans”la əməkdaşlığı çərçivəsində müxtəlif yaş qruplarından ibarət komandalar bu klubların düşərgəsinə yollanıb hazırlıq keçib. Biz 4 nəfər isə “Lans”da forma geyinəcəyik. Seçimlərdən sonra bizim adımızın çəkilməsi hamımızı sevindirdi. Gedəcəyimizi bildikdən sonra ancaq bu barədə düşünür, özümüzü psixoloji cəhətdən buna hazırlayırdıq.
V.S. - Biz 4 nəfər seçilmişlərik. “Bakı” klubu tərəfindən həyata keçirilən bu layihədə seçilən olmaq xoşdur. İndi əsas məqsəd Azərbaycana qayıdanda milli komandaya tam hazır olmaq və yaxşı futbolçu kimi xatırlanmaqdır.
Ü.S. - Bizdən əvvəl aşağı yaş qruplarından seçilmiş 5 uşaq “Atletiko”nun düşərgəsinə gedib hazırlıq keçiblər. Biz isə “Lans”ın əsas heyətinə yollanırıq. Bizi bəyənib seçiblər. Xatirələrdə qalıcı olmaq istəyirik. İnşallah özümüzü yaxşı tərəfdən göstərib Fransada qalıcı olarıq.
- Futbola təzə başlayanda nə vaxtsa ölkə xaricində tanınmış bir klubun şərəfini qoruyacağınızı xəyal edirdinizmi?
N.Ə. - Uşaq ikən bu cür fikirlərim olmayıb. Ancaq yaş ötdükcə, dünyanı dərk etdikcə təbii ki, fikirlər də formalaşır, qarşına daha böyük məqsədlər qoyursan. Hər bir gənc futbolçu kimi mən də ölkə xaricində oynamağı xəyal etmişəm. Hər şey mümkündür. İnsan istəsə xəyallarını gerçəkləşdirə bilər. Bu şans bizim üçün yaradılıb. Biz də əlimizdən gələni edəcəyik.
V.S. - Uşaq yaşlarımdan qarşıma Avropa klublarında oynamaq məqsədi qoymuşam. İnsanın özünə inamı olmalıdır. Əgər istəsə, məqsədinə çata bilər. Əlbəttə, bunun üçün daha çox çalışmalısan. Məşqlərdən sonra bir qədər qalıb fərdi məşqlərə üstünlük verirdim ki, daha çox artırım. Düzdür, əcnəbi klublardan dəvət gələcəyini gözləmirdim. Buna hazır deyildim. Sevindirici haldır ki, məqsədimə çatmaq üçün belə bir şans yarandı. İnanıram ki, “Lans” biz futbolçular üçün yaxşı təcrübə olacaq və gələcəkdə daha çox işimizə yarayacaq.
Ü.S. - Uşaqlıqdan “Barselona”nın azarkeşi olmuşam. Ən böyük arzum da bu komandanın heyətində çıxış etməkdir. “Lans”a keçmək mənim üçün trampilindir ki, özümü yaxşı tərəfdən göstərib arzularıma doğru irəliləyim.
- Getdiyiniz ölkə, klub haqda nə bilirsiniz?
N.Ə. - Fransa haqda geniş məlumatım olmasa da, “Lans” barədə müəyyən məlumatım var. “Bakı” klubunun rəsmi saytında yerləşdirən video materialları izləmişəm. Bilirəm ki, yaxşı azarkeş dəstəyinə malik komandadır. Bundan əlavə, bir neçə oyunlarını izləyib necə futbol nümayiş etdirdiklərini öyrənmişəm.
V.S. - Təkcə Fransa yox, dünyanın bir çox ölkələri haqda maraqlanıram. Fransa haqda az da olsa məlumatım var idi. Transferim reallaşandan sonra daha çox informasiya topladım. Artıq Fransa və Lans haqda daha çox məlumatım var.
Ü.S. - Lans”la bağlı xəbərləri “Bakı”nın saytından əldə etmişəm. Oyunları daha çox azarkeş izləyir. İnşallah, baş məşqçi bizə şans verər biz də o azarkeş kütləsinin qarşısında özümüzü göstərərik, Azərbaycanı layiqincə təmsil edərik.
- Son olaraq nə demək istərdiniz?
N.Ə. - Bu şansı bizə yaradan başda Hafiz müəllim olmaqla “Bakı” klubunun rəhbərliyinə öz təşəkkürümüzü bildiririk. Bir çox futbolçu bizim yerimizdə olmaq istərdi.
V.S. - Bizə inansınlar, güvənsinlər. Bizə dəstək olsunlar, daha da irəli gedəcəyik. Birlikdə bunun öhdəsindən gələcəyimizə inanıram.
Ü.S. - Bizim seçilib “Lans”a göndərilməyimizdə əməyi olan hər kəsə, ən əsası Hafiz Məmmədova minnətdarlığımızı bildiririk. Onların inanmını boşa çıxarmayacağıq.
Futbol Dünyası
saytlarin hazirlanmasi