Mehman Allahverdiyev: "Belə şəraitdə biz qonaq qəbul edə bilmərik"
Son günlər ölkə ərazisində əlverişsiz hava şəraiti və bunun nəticəsində qış mövsümünə uyğun olaraq yağan qar bütün sahələrə olduğu kimi futbol təsərrüfatına da öz mənfi təsirini göstərib. Premyerliqada bəzi oyunların yerinin və vaxtının dəyişdirilməsi də buna sübutdur. Eyni problemlə birinci divizion klubları da üzləşib.
Sportal.az Kəpəz TV-yə istinadən xəbər verir ki, elitanın daha imkanlı təmsilçilərinin şaxtanın və qarın qarşısında aciz olduğu bir dövrdə aşağı liqada vəziyyət daha ağırdır. Şəraitsizliklə üzləşən və məşq etməyə belə yer tapmayan birinci divizion komandaları acınacaqlı duruma düşüblər. Elə “Kəpəz”də belə klublar sırasında yer alıb. Hava şəraiti “sarı-göylər”in planlarına zərbə vurub. Son günlərə kimi hazırlığı davam etdirən gəncəlilər məşqlərə ara vermək məcburiyyətində qalıblar. Kollektiv baza kimi yararlandığı Gəncə şəhər stadionunun əsas meydanında məşq edə bilməyib. Onsuz da, yararsız olan və böyük əziyyətlərlə qorunub saxlanılan ot örtüyünün ağ örpəyə bürünməsi vəziyyəti korlayıb. Canlı qüvvə və lazımi texnika sarıdan korluq çəkən komandanın hazırlıq prosesi yardımçı meydançaya salınıb. Amma burada qazonun yoxluğu, meydanın tamamilə torpaqdan ibarət olması futbolçuların hərəkət etməsini lap çətinləşdirib.
Mehman Allahverdiyev, "Kəpəz"in prezidenti: "Qarın belə olması məşq prosesinə çox pis təsir göstərdi. Biz meydançaya girmirik ki, meydança xarab olmasın. İsitlik sistemində də çətinlik çəkirik bütün xətlər donub. Bütün borular şaxtadan partlayıb. Bu, bizə çox çətinlik törədir".
Havaların düzəlməyəcəyi və belə davam edəcəyi təqdirdə “Kəpəz”in ev oyunlarını doğma şəhərdə keçirməmək ehtimalı var. Komandanın rəqiblərini Gəncədə qəbul etməyəcəyi azarkeşlərin ürəyincə olmasa da, gözləniləndir. İkinci dövrənin açılış turunda bu həftə “Mil-Muğan”ı qəbul etməli olan gəncəlilərin Tovuzda oynaması mümkündür.
Mehman Allahverdiyev: "Belə şəraitdə biz qonaq qəbul edə bilmərik. Görürsüz ki, meydança çox bərbad vəziyyətdədir. Meydança tək qar olsaydı, oyanamaq olardı. Lakin onun altı buzdur və belədə biz çox çətinlik çəkirik. Hazırda federasiya ilə danışıqlar gedir. Ola bilsin ki, ev oyunumuzu Tovuzda keçirdik".
Nəzərinizə çatdıraq ki, mövsümün əvvəlində də ot örtüyü hazır olmadığından “Kəpəz” “Turan T”nin yararlandığı arenadan istifadə etməli olmuşdu. Yeri gəlmişkən, komanda hələ Premyer Liqada mübarizə apardığı vaxtlarda da eyni problem üzündən Yevlaxda və Bakıda oynayıb.
saytlarin hazirlanmasi