Kimə və necə ümid bağlasın?
Bu gün Azərbaycan futbolu deyəndə, ilk yada düşən “Qarabağ” olur. Hər tərəfi qaranlıq olan futbolumuzda yalnız “Qarabağ”la təsəlli tapırıq. Qurban Qurbanovun yetirmələri sərgilədiyi futbol, əldə etdiyi nəticələrlə ölkənin ən sevilən komandasına çevrilib.
Ötən mövsüm olduğu kimi, bu mövsüm də “Qarabağ” inamlı addımlarla çempionluğa doğru irəliləyir. Ki, bu məqam Ağdam klubunun azarkeşləri üçün qürurvericidir. Çünki “Qarabağ” klubu tarixində ən yaxşı vaxtlarını məhz indi, Qurban Qurbanovun ərsəyə gətirdiyi komandayla yaşayır. İndi hamı “Qarabağ”ın iştirakı ilə növbəti Avropa həyacanı yaşamaq istəyir. Azarkeşlər yenə də “Qarabağ”ın heç olmasa Avroliqanın qrup mərhələsinə düşəcəyinə ümid edirlər. Futboldu, “Qarabağ” ÇL-in də qrup mərhələsinə düşə bilər və ya heç AL-in qrupuna da düşməyə bilər. Bu gün Qurban Qurbanovun qarşısında düşünüləsi digər məqamlar var.
Məsələ burasındadır ki, İK-nın son iclasında limitlə bağlı gözlənilən qərar verilmədi. Hamı gözləyirdi ki, yeni mövsümdən limit 7 (legioner) + 4 (yerli) olacaq. Amma limit dəyişməz qaldı ki, bu məqam özü-özlüyündə avrokuboklarda çıxış eləyən komandaların ziyanınadır. Limit elə 6+5 qalacaq. “Qarabağ” bu limitlə də ölkədə ən yaxşıdır. Problem bu deyil.
“Qarabağ” üçün problem sayılan məqam meydana çıxan yerli futbolçulardan birinin 21 yaşa qədər olması ilə bağlıdır. Belə ki, bu günə qədər bu limit 1992-ci il təvəllüdlü futbolçular hesabına formalaşırdı. “Qarabağ”da bu yaş təvəllüdlü futbolçular arasında ən parlağı Qara Qarayev idi. Onun yoxluğunda bu boşluğu Hacı Əhmədov, Namiq Ələsgərov, Cavid Tağıyev, Tərlan Quliyev, Şəhriyar Əliyev də doldura bilərdi. Ancaq növbəti mövsümdən start heyətində meydana çıxmalı olan 21 yaşa qədər futbolçu 1994-cü il təvəllüdlü və daha gənc oyunçu olmalıdır.
“Qarabağ”da isə beləsi yalnız Namiq Ələsgərovdur. Adlarını qeyd etdiyimiz digər futbolçular bu limiti doldurmaq üçün yaşlıdırlar. Ona görə də, Qurban Qurbanov heyətə Namiq səviyyəsində daha 2-3 futbolçu cəlb etməlidir. Ancaq haradan?
Digər tərəfdən isə AFFA "qaş düzəldən yerdə vurub göz çıxarıb”. Ölkədə istedadlı gənc futbolçu tapmaq olmur. Federasiya isə qərar çıxarır ki, gənc futbolçulara ayda 3-5 min manatdan çox pul verməyin. Bu da o deməkdir ki, az-çox potensialı olan futbolçular daha yaxşı pula Türkiyənin 1-ci divizionuna yollanmaq haqqında düşünəcək.
Artıq indidən növbəti mövsümün planlarını cızan Qurban Qurbanov bu məsələdən narahat olmalıdır. Heç şübhəsiz ki, Qurban bəy də bu barədə çox düşünür. Ancaq problem tək onun yox, bütün ölkə futbolunundur. U-17, U-19, U-21 millilərimiz sabaha ümid vermirlərsə, Qurban Qurbanov kimə və necə ümid bağlasın?
Emin ABBASOV
saytlarin hazirlanmasi