"Bakı-2015": AFFA yenə ölkəmizi biabır elədi... Bunun bir sonu varmı? QEYD

14:48 - 28 İyun 2015

Elxan Məmmədov və onun dostları

 

Ölkəmizdə keçiriliən ilk Avropa Oyunlarında çimərlik futbolu üzrə yarışlar artıq bizim üçün yekunlaşdı. Təəssüf ki, ən pis şəkildə. Millimiz 8 komanda arasında sonuncu oldu. Biabırçı nəticədir. Ancaq ilk dəfədirmi?

 

2012-ci ildə ölkəmizdə keçirilən U-17 qadınlararası dünya çempionatında millimiz Nigeriyaya 0:11 hesabı ilə məğlub olmuşdu, turnirdə biabırçı çıxışla yadda qalmışdı. Ancaq nə olsun? Əslində, həmin biabırçılıqdan sonra ən azı AFFA-nın baş katibi Elxan Məmmədov vəzifəsindən getməliydi. Daha doğrusu, onu qovmalıydılar. Ancaq kimdi onu qovan? Uzaqbaşı AFFA-nın “JEK” müdiri səviyyəsində olan bir işçisini çıxardacaqdılar ki, günah bundadır. Ancaq heç onu da etmədilər...

 

O hadisədən 3 il keçib. İndi də çimərlik futbolunda biabır olduq. Yeri gəlmişkən, Çimərlik Futbol Federasiyasının prezidenti Fərid Novruzi də AFFA-nın baş katibi Elxan Məmmədovun kadrıdı. Məmmədov uzun illərdir ki, çimərlik futbolunu dostuna hədiyyə edib. Yəni, bu uğursuzluğun da bir nömrəli günahkarı Elxan Məmmədovdur. Belə baxanda, Məmmədov futbolumuz üçün nə eləyib ki, dostları da nə etsin?

 

Maraqlısı odur ki, bütün bunları yuxarı dairələrdə də görürlər. Ancaq buna son deyən, AFFA rəhbərliyindən hesab soran yoxdur. Axı, ortada bu qədər vəsait havaya sovrulur, federasiyanın başında dayanan adamlar açıq-aşkar işlərinin öhdəsindən gəlmirlər. Belə biabırçı durum nə qədər davam edəcək? Bunun bir sonu varmı?

 

Xatırladaq ki, bu ilin martında Bakıda U-17 milliləri arasında Avropa çempionatının elit mərhələsində 2-ci qrupun oyunları keçirilmişdi. Hər 3 oyunda məğlub olan futbolçularımız turniri 0 xal və 0 qolla başa vurmuşdu.

 

Emin ABBASOV

Xəbər xətti