"Brüsselə qayıdan kimi bu barədə sizə məlumat verərəm"
“Neftçi”nin başı yenə dərddədi. “Ağ-qaralar”ın eks-prezidenti Sadıq Sadıqovun dövründə komandaya transfer olunan Belçika millisinin sabiq üzvü Emil Mpenza kluba elə bir hesab göndərib ki, indi onun ödənilməsi müşkülə çevrilib.
Məsələ burasındadı ki, Mpenzanın “Neftçi”dən FİFA-ya şikayəti ali futbol qurumu tərəfindən "ağ-qaralar"a 1 milyon dollara yaxın təzminatın ödənilməsinə dair məktubun göndərilməsi ilə nəticələnib. Ali futbol qurumundan bakılılara göndərilən məktubunda qeyd olunub ki, klub futbolçuya müqavilə əsasında ödənilməyən maaşı verməlidi. Əks halda, flaqmana qarşı ciddi sanksiyalar tətbiq oluna bilər. Bu xəbər yayılandan sonra "Neftçi"nin Müşahidə Şurası bir araya gəldi və Sadıq Sadıqovla yanaşı, klubun sabiq vitse-prezidenti Tahir Süleymanov da iclasa çağırıldı. İclasda aparılan müzakirələrdən, söhbətlərdən xəbərdar olmasaq da, araşdırdığımız "Mpenza məsələsi"ndə kor düyünün kimin vurduğuna qismən aydınlıq gətirmiş olduq.
Bəri başdan bildirək ki, Emilin 32 yaşında "Neftçi"yə transfer olunmasında klubun sabiq prezidenti Sadıq Sadıqov israrlı olub. Onu "Neftçi"yə vaxtilə İbrahim Yattaranı "Trabzonspor"a, Türkiyə millisinə dünya üçüncülüyü qazandırmış Şenol Günəşi Cənubi Koreyanın "Seul" klubuna keçidini həll edən menecer Adnan Dəmir təklif edib. Özü də 450 min dollara. Məsələnin qaranlıq qalan hissəsi isə bundan ibarətdi ki, Tahir Süleymanov hazırda Belçikada yaşayan türkiyəli menecerə zəng edərək, bu məsələyə onun qarışmamağını, transferi özünün həll edəcəyini bildirib.
Bu işdən türkiyəlini uzaqlaşdıran Süleymanov Mpenzanın Bakıya mərakeşli menecer Raşhid Taymotla (Rachid Tajmout) gəlməsinə nail olub. Elə bu səbəbdən də məsələnin təfərrüatını öyrənmək məqsədi ilə Taymotla əlaqə saxladıq. Apasport.az saytına danışan mərakeşli, Emilin "Neftçi"dən şikayət etməsindən xəbərsiz olduğunu bildirdi. FİFA-nın bakılılardan 1 milyon dollara yaxın təzminat ödəməsini tələb etməsini eşidən Raşid hətta təəccübləndi də: "Neftçi" Mpenzaya pul ödəməlidi? 1 milyon dollar? Siz nə danışırsız? Bu doğrudur?"
Reallığı bizdən eşidən Taymot daha sonra açdı sandığı, tökdü pambığı. Aydın oldu ki, 2010-cu ilin aprelində "Neftçi"yə türkiyəlilər tərəfindən 450 min dollara təklif olunan Emil Mpenzanın avqustda bakılılara baha başa gəlib.
"Ağ-qaralar" təkcə onu "Sion"dan almaq üçün İsveçrə klubuna yarım milyon dollar ödəyib: "Emil Mpenzanın “Neftçi” ilə hansı məbləğdə müqavilə imzalandığını deyə bilmərəm. Çünki bu, məxfi saxlanılır. Onu deyə bilərəm ki, “Sion” bakılılardan 1,5 milyon dollar tələb edirdi. Ancaq sonradan 500 min dollara razılaşdılar. Klub prezidenti Sadıq Sadıqovla vitse-prezident Tahir Süleymanov bizi Bakıya dəvət etdi. 4 gün paytaxtınızda qaldıqdan sonra Mpenzanın “Neftçi” ilə müqavilə imzalamasına dair razılıq əldə etdik. Müzakirələrdən sonra Emil 3+1 il müddətində sözləşməyə qol çəkdi. Azərbaycan Belçikaya yaxın ölkə olmadığı üçün və mənim xeyli futbolçularım olduğuna görə 1 il müddətində Mpenza ilə maraqlana bilmədim. İşlərimə əlaqədar hər ay Bakıya üz tutmaqda çətinlik çəkdim. Məsələ burasındadı ki, Mpenza mənə 1 il ərzində işlərinin yaxşı getdiyini söylədi. “Neftçi”də xoşbəxt idi. Nə oldusa, 1 ildən sonra baş verdi. Fikrimcə, zədə aldı və buna görə də bacarığını yetərincə sərgiləyə bilmədi. Bu səbəbdən də “Neftçi” onu satmaq istəyirdi. Biz sonradan Mpenza ilə Antalyada qarşılaşdıq. Mənə artıq “Neftçi”də xoşbəxt olmadığını və bir neçə aydı maaşının ödənilmədiyini bildirdi. Bu səbəbdən də klubdan ayrılmaq istədiyini, ona yeni komanda tapmağımı xahiş etdi".
Taymout bundan başqa, həmin ərəfədə Mpenzanın "Neftçi"də qalması üçün çox çalışdığını qeyd etdi: “Hücumçu ilə 7 il bir yerdə çalışmışıq. Çox böyük futbolçu idi. Mənim işim bu transferi reallaşdırmaq idi və bunu da etdim. Düzü, onun komandada qalması üçün çox çalışdım. Ancaq Emil qərarını çoxdan vermişdi. İsrarla Bakı klubundan ayrılmaq istəyirdi. Görünür, bu səbəbdən də özünə vəkil tutaraq, öz haqqını hüquqi müstəvidə axtarmağa başlayıb. Onsuz da olan olub, keçən keçib. Əgər israr edirsizsə, onun “Neftçi”də hansı məbləğə oynadığı sizə açıqlaya bilərəm. Ancaq bunun üçün bir qədər gözləməli olacaqsız. Bildiyiniz kimi, hazırda “transfer pəncərəsi” açıqdı və başım bir neçə oyunçunun klublara keçidinə qarışıb. Emil Mpenza və “Neftçi” arasında bağlanılan müqavilənin nüsxəsi Belçikadakı ofisimdədi. Mən isə hazırda ölkədən kənardayam. Brüsselə qayıdan kimi bu barədə sizə məlumat verərəm”.
Məsələ ilə bağlı açıqlama verən Tahir Süleymanov isə bəzi məqamlarla razılaşsa da, bəziləri ilə razılaşmayıb: “Taymoutu yaxşı tanıyıram. Amma mən ona bu transferə qarışmamağı deməmişəm”.
Mpenzanın transferi üçün “Sion”a ödənilən məbləğə gəlincə, Süleymanov dəqiq rəqəm söyləyə bilməsə də, yarım milyona yaxın dollar ödənildiyini təsdiqləyib.
saytlarin hazirlanmasi