Dövlət yardımı yalnız bölgə klublarına ayrılmalıdır
Futbol klublarımızın böyük əksəriyyətinin pis durumda olması artıq heç kimə sirr deyil. 2004-cü ildən bu yana Azərbaycan futbolunda maddi cəhətdən belə acınacaqlı durum yaranmamışdı. Bu vəziyyəti düzəltmək üçün dövlət futbola əl qoymaq qərarına gəlib. Çox yaxşı. Amma...
2005-2015-ci illər futbolun inkişafına dair Dövlət Proqramının açıq-aşkar uğursuzluğa düçar olmasından sonra yeni layihə hazırlanır, daha 5 illik proqram. Yeni proqram çərçivəsində dövlət klublara yardım göstərəcək və məhz bunun sayəsində klublarımız ayaqda qalmağa çalışacaq. Əslində, heç bir normal ölkədə klubların kütləvi şəkildə dövlət vəsaiti hesabına ayaqda qalması halına rast gəlmək olmaz. Maliyyə “fair-play” qaydalarının düstüru belədir ki, qazandığından artıq xərcləmə! Ancaq Azərbaycanda futbol gəlir gətirmirsə, nə etmək olar? Azərbaycan futbolu biznes layihə deyil, sosial layihədir. Yəni, futbolumuzun indiki halı çox qəlizdir.
Məsələyə real baxanda, dövlətin klublara maliyyə yardımı göstərməsi çox yaxşı olar. Lakin AFFA-dakıların “bacarığına” bələd olduğumuz üçün bəzi qeydlər aparmaq qərarına gəldik. Bu layihə Prezident Aparatı tərəfindən idarə olunsa da, təkliflər AFFA-dan gedir. Və hiss olunur ki, federasiya rəhbərliyi bu məsələdə Prezident Aparatına səhv istiqamət verir. Niyə?
Sahibləri müflis olan bəzi klubların durumu bəlliydi. Ancaq dövlət yardımı söhbəti çıxan kimi AZAL da müflis durumda olduğunu açıqladı. Bu nə deməkdir? Həyatın (pis) qanunu! Hətta müharibələrdə də öz mənfəətini düşününlər tapılır, o ki qaldı futbolda. Dövlət yardımını belə klublara ayırmaq düzgün deyil. “İnter”ə, AZAL-a pul ayırmaqdansa, həmin maliyyəyə Tovuzda, Qusarda, Mingəçevirdə, Qazaxda və digər regionlarda iddialı klublar yaratmaq lazımdır. Futbol kütləviləşməli, azarkeşlər stadionlara gəlməlidir. “İnter”, AZAL və ya digər paytaxt klublarına gəlincə, öz hesablarına yaşasınlar. Yəni, dövlətin pullarını bu klublara xərcləmək heç doğru deyil.
AFFA isə Prezident Aparatına verdiyi təklifdə “İnter” və AZAL klublarına pul ayrılmasının labüdlüyünü göstərir. Bu istiqamət çox yanlışdır. Aparatda əyləşənlər ciddi təhlillər aparmalı, futbola ayrılan vəsaitin düzgün xərclənmə mexanizmini müəyyənləşirməlidirlər. AFFA prezidenti Rövnəq Abdullayev həmişə deyir ki, azarkeşlər stadiona gəlmir. Lakin biz iddia edirik ki, Azərbaycan futbolunda azarkeş problemi yoxdur. Sadəcə, bizim futbolun fəaliyyət sərhədləri düzgün müəyyənləşməyib. Bakıda bir, uzağı iki klub çıxış etsə, stadionlar həmişə dolu olar. Çünki bölgələrdəki oyunlara həmişə azarkeş marağı olur. Bu layihə futbolun inkişafında çox önəmli ola bilər. Təbii ki, əksər hallarda olduğu kimi layihəni bərbad hala salmasalar!
Emin ABBASOV
saytlarin hazirlanmasi