"Tam indiki "İnter"in dişinə görə olan bir rəqibdir"
Avroliqada təmsilçilərimiz "Neftçi", "Qəbələ" və "İnter" iyulun 2-də ilk oyunlarına çıxacaq.
Futbol eksperti Erkin İbrahimov ilk olaraq "Dinamo" - "Qəbələ" matçı haqda Sportal.az-a açıqlamasında fikirlərini bildirib:
"Çempionatın zəif səviyyəsindən, əsas rəqiblərinin problemlərindən istifadə edib, "Qəbələ" uğurlu seriyaya imza atdı. Bu da klubda bir növ eyforiya yaratdı. Məhz bu amil "Qəbələ"yə mane ola bilər. 2-3 il əvvəl heç bir klub ardıcıl 8-9 qələbə qazanmazdı. Komandanın yaz aylarında uğurlu oyununa kölgə salmamaq şərti ilə etiraf etmək lazımdır ki, bu seriya həm də digər klubların problemləri üzərində qurulmuşdu.
İstəsələr, indiki Azərbaycan çempionatında lap ardıcıl 36 oyun udsunlar. Əsas - Avropadı. Qriqorçuk istədiyi, Ukraynadan tanıdığı oyunçuları ətrafına yığıb. Klub rəhbərliyi da ona bu imkanı yaradıb. Əslində bu siyasət hər bir klubu məhvə aparır. Bu gələcəyə doğru yol deyil, sovet sisteminin təfəkkürüdü. Baş məşqçi bütün futbolçuları gətirməməlidir, onların hamısı bir menecerin bığının altından keçməməlidi.
"Dinamo" (Tbilisi) 3 rəqib arasında ən güclüsüdür, bu da təbiidi, axı "Qəbələ"nin kifayət qədər reytinqi yoxdur. Keçən il Muntyanu ilə Rumınıyadan bir vaqon oyunçu aldılar, nəticədə Bosniya komandasına biabırçı hesabla məğlub oldular. Bu dəfə uduzmaq olmaz. "Dinamo"nun şanlı tarixi var, lakin "Qəbələ"nin büdcəsi də futbolçuların səviyyəsi da göz gabağındadı. "Qəbələ" hər iki oyunda rəqibi məğlub etməlidi, vəssalam".
Ekspert "İnter"i Albaniya təmsilçisi "Laçi" qarşısında açıq-aşkar favorit sayıb:
"İnter"in ən böyük rəqibi elə onun özüdü, öz maliyyə problemləridi. Tez tələsik hardan gəldi oyunçuları yığdılar. Denis Silvanın transferini anlamadım, elə mənimlə müqavilə bağlasaydılar, ondan çox fayda verərdim. "Neftçi"nin evini yıxdı, indi da keçdi "İnter"ə. Mənə elə gəlir "İnter"də transferlərin dozası artıq oldu. Silva, Fomenko və Kasradze kimi oyunçularsız da keçinmək mümkün idi. Əvəzində Mirhüseyn və Raufdan faydalı oyun gözləyirəm.
Albaniya futbolunu çox yaxşı tanıyıram, bu ölkənin bir çox oyunçusunu Azərbaycanda gətirmişəm. "Laçi" heç da güclü klub deyil. Bu nə "Şkenderbeu", nə "Tirana" nə də "Kukesi"di. Tam indiki "İnter"in dişinə görə olan bir rəqibdir. Zaur Svanadze sübüt etməlidi ki, o, Kaxa Sxadadzedən fərqli olaraq avrokuboklarda nəticə verməyi bacarır. Heyf ki, "İnter"in rəhbərliyi Sxadadze kimi şəriştəsiz məşqçini uzun illər saxladı. Adama hər cür şərait yaradıldı, əvəzində heç iki mərhələ də keçə bilmədi.
İbrahimov "Neftçi"nin "Mladost"la oyunda şanslarını da dəyərləndirib:
"Mövcüd problemlerə baxmayaraq "Neftçi" etapı keçməlidi. Monteneqro futbol liqasının səviyyəsi çox zəifdir. İmamverdiyev, Quliyev, Melli, Abdullayev kimi oyunçuların təcrübəsi "Mladost" üzərində qələbəni təmin etməlidi. "Neftçi" çalışıb qol buraxmamalıdı. Lakin müdafiənin və qapı xəttinin səviyyəsi elədi ki, "Neftçi" 11-0 da oynasa, qapısında mütləq qol görəcək. Məhz evdə buraxılan qol cütün taleyini həll edə bilər.
Nə qədər qəribə səslənsə, "Neftçi" ev oyununda olduqca praqmatik oynamalıdı. İrəlidə hər zaman qol vurmaq olar. Lakin evdə buraxilan bir qol ağır zərbə, ikinci qol isə faciə olacaq. Braziliyadan 19 yaşlı oyunçunun transferini heç anlamadım. Gənclərə üstünlük vermək çox gözəl bir ideyadı, lakin "Neftçi" Braziliya futbolu üçün yox, Azərbaycan futbolu üçün çalışmalıdı. Melli isə səviyyəli bir müdafiəçidi, hər halda Kardosodan güclü olar".
saytlarin hazirlanmasi