Belçikalı ulduzun meneceri danışdı: "Mpenzaya "Neftçi"də qoyulan hörmət heç "Mançester Siti"də qoyulmayıb"

18:41 - 30 İyun 2015

"Axı klubun futbolçuya necə 1 milyon borcu ola bilər?"

 

Belçika millisinin sabiq üzvü Emil Mpenzanın “Neftçi”dən FİFA-ya şikayət etməsi ortalığı qarışdırıb. Avropa Liqası oyun ərəfəsində belçikalı futbolçunun “ağ-qaralar”dan 1 milyon tələb etməsi “flaqman”ı çıxılmaz vəziyyətə salıb.

 

Mpenzanın şikayətinə türkiyəli menecer Adnan Dəmirin də qarşıması məsələni bir qədər də qəlizə sala bilər. Halbuki, belçikalı ulduzun “Neftçi”yə transferində onun elə də rolu olmayıb. Mpenzanı “Neftçi”yə bəxş edənlərdən biri Firaiz Əliyevdir. O, mərakeşli menecer Raşhid Taymotla (Rachid Tajmout) birlikdə belçikalı futbolçunu Azərbaycana gətirib. Firaiz Əliyev Sportal.az-a açıqlamasında Mpenzayla bağlı məsələyə belə aydınlıq gətirib:

 

“Emil Mpenzanı Azərbaycana gətirən mən olmuşam. Raşhid Taymotla birlikdə futbolçunu “Neftçi”yə gətirdik. Adnan Dəmirin belçikalı futboçuya heç bir aidiyyatı yoxdur. Burda adətdir də, yaxşı oyunçunu hərə öz adına çıxır. Ola bilsin ki, kimlərsə Mpenzanın gəlişini Adnan Dəmirin adıyla bağlamaq istəyirlər. Onu “Neftçi”yə gətirmək üçün iki ay əziyyət çəkdim. Həmin məsələdə Tahir Süleymanovun da əziyyəti az olmayıb. Çünki o, hər gün xariciylə əlaqə saxlayırdı. Emil Mpenza rəsmi müqavilə bağlayanda şəxsi meneceri Raşhid Taymot da gəlmişdi. Mpenza “Neftçi”dən problemsiz getmişdi. Hətta klub rəsmiləri futboçuyla müqaviləni qarşılıqlı razılıq əsasında ləğv olunduğunu açıqladılar. Düzü, futbolçunun FİFA-ya şikayət etdiyi xəbəri görəndə mənə maraqlı gəldi. Əgər belə problem vardısa, bunu əvvəlcədən həll etmək olardı. Mpenzaya “Neftçi”də qoyulan hörmət heç “Mançester Siti”də qoyulmayıb. O, ölkəmizə gələndə təmtəraqla qarşılandı.

 

Onun müqavilədə qoyduğu bütün şərtləri “Neftçi” rəhbərliyi qarşıladı. Onların bu yaxşılğı qarşısında Mpenza iki il sonra “Neftçi”dən FİFA-ya şikayət etdi. Axı klubun futbolçuya necə 1 milyon borcu ola bilər? “Neftçi”ylə 3 illik müqavilə bağlayan Mpenza onun iki ilini paytaxt klubunda keçirib. Əgər klubun futbolçuya 1 milyon borcu olubsa, onda Mpenza başqa komandada necə oynayıb? Mənə elə gəlir ki, burada əsas günahkar futbolçunun özüdür. “Neftçi”də pulu qalmışdısa, gərək elə onda şikayət edərdi. “Neftçi”dən ayrılandan sonra Polşa birinci dəstəsində hansısa klubda oynadı. İnanmıram ki, polşalılar ona 1 milyon versinlər. Əgər belə bir məsələ vardısa, vaxtını gözləyib pulunu alandan sonra gedərdi. Klubun ona 1 milyon borclu qalması mənə qaranlıq qalır".

Xəbər xətti