Emil Balayev: "Çalışacağam ki, növbəti mövsüm "Ayntraxt"ın əsas heyətində yer alım"

01:25 - 3 İyul 2015

“Gənc futbolçular davamlı oynasalar, onda “Neftçi”də özlərini göstərə bilərlər”                       
 
Avropa Liqasının ilkin mərhələ çərçivəsində keçirilən “Neftçi” – “Mlodost” qarşılaşmasını milli komandamızın və “Ayntraxt” klubunun qapıçısı Emil Balayev də tribunadan izləyib.
 
2:2 hesabı ilə başa çatan oyundan sonra qolkiper Sportal.az-a açıqlamasında sabiq komandası “Neftçi”nin oyununu belə dəyərləndirib:
 
“Neftçi”nin heyətində köklü dəyişikliklər olub. Demək olar ki, komandanın əsasını gənc futbolçular təşkil edir. Həmin futbolçular ki, klubun öz yetirməsidir. Onların avrokuboklarda elə də təcrübəsi yoxdur. Bütün bunlarla yanaşı, gənc oyunçular pis təsir bağışlmadılar. Onlar qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Sadəcə oyun təcrübəsi yetərli olmadığından və yorğunluq sonda öz sözünü dedi. Nəzərə alın ki, ilk dəfədir ki, bu futbolçular avrokuboklarda oynayırlar. İlk baxışdan onlar istəkli göründülər. Gənc futbolçular davamlı oynasalar, onda “Neftçi”də özlərini göstərə bilərlər. 2:2 hesablı nəticə rəqibə üstünlük qazandırsa da, hələ növbəti mərhələyə hansı komandanın vəsiqə qazancağını demək olmaz. Ümid edirəm ki, “Neftçi” səfərdə öz sözünü deyib növbəti mərhələyə vəsiqə qazanacaq”.
 
Emil Balayev Almaniya təmsilçisində gələcək karyerası ilə bağlı məslələrə də aydınlıq gətirib:
 
“Millinin düşərgəsində olduğum üçün klub bir neçə günlük artıq istirahət etməyimə razılıq verdi. Yaxın günlərdə yenidən “Ayntraxt”ın düşərgəsinə qatılacam. Düzdü, komandamı dəyişməyimlə bağlı söhbətlər gedir.  Ancaq hələ dəqiq bir şey yoxdur. Mən də istəyirəm ki, əsas heyətdə yer alım. Mən də məşqlərdə özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Ona görə də, yeni mövsümə ciddi hazırlaşacam ki,  “Aytraxt”ın əsas heyətində yer alım”.                           

Xəbər xətti