Danışan şəkil: Roman Qriqorçuk üzüldü, sinirləndi, amma ümidini itirmədi FOTO

11:14 - 3 İyul 2015

Oyun onun istədiyi kimi getmirdi

 

Roman Qriqorçukun gəlişindən sonra azarkeşlərin də “Qəbələ”yə baxışı xeyli dəyişilib. Mövsümün sonunu major notda keçirən “Qəbələ”dən Avroliqada yaxşı nəticələr gözləyirlər. Düzdü, ilk mərhələdə təmsilçilərimizdən ən çətin rəqib “Qəbələ”yə düşüb. Amma azarkeşlər necə olursa-olsun, “Qəbələ”ni növbəti mərhələdə görmək istəyirlər.

 

Dünən “Qəbələ” Tiflisdə “Dinamo” qarşısına çıxdı. İlk yarının ortalarında kameralar Roman Qriqorçuka tuşlandı. Ukraynalı mütəxəssis iki əliylə üzünü tutmuşdu. Sonra başını yellədi. Qriqorçuk çox qayğılı görünürdü. Axı, oyun istədiyi kimi getmirdi. Onun üzüntüsünü anlamaq çətin deyildi. Texnikalı oyunla oyuna zövq qatan gürcülər açıq-aşkar üstünlüyü ələ almışdılar. Lakin fasiləyə qədər dönüş yarandı və “Qəbələ” üç dənə yüz faizli qol imkanı qazandı. İki epizodda Rikardinyo, birində isə Antonov fürsəti əldən verdi.

 

İkinci hissə bizim üçün heç də pis balamadı. “Dinamo”nun oyunçusu meydandan qovulunca, 10 nəfərlə qalan rəqibin artıq əlimizdən xilas ola bilməyəcəyini zənn etdik. Biz saydığımızı saydıq, gürcülər isə bizim "sayğac"ı nəzərə almadılar. Gürcülərin 21 yaşlı futbolçusu Georgi Papunaşvili gözəl oyunuyla hamını heyrətə gətirdi. “Dinamo”nun “10” nömrəsi əvvəlcə məhsuldar ötürmə, ardınca isə qol vurdu. Düzdü, bu iki qol arasında Cavid Hüseynov möhtəşəm qolla tarazlığı bərpa etmişdi. Amma hesabı qoruya bilmədik, Qriqorçuk xeyli sinirləndi...

 

Belə baxanda, 1:2 hesabı elə də pis nəticə deyil. Yəni, ümid hələ ölməyib. Elə Qriqarçukun oyundan sonra dediklərindən görünür ki, ümidini itirməyib. Qəbələ ya ümidlərin öldüyü, ya da arzuların gerçəkləşdiyi məkan olacaq klubun azarkeşləri üçün. Hər halda səhvləri düzəltmək üçün qarşıda daha bir 90 dəqiqə var.

 

SPORTAL.AZ

 

Xəbər xətti