Bayrağımla diz çökən Nikolov, əllərindən öpürəm! YAZI

00:31 - 10 İyul 2015

Nikolovun bu davranışını məncə ölkəmizdəki çox  klubun prezidenti etməz
 
Daim ucalasan savaş günündə
Səni əsgər silahı ilə tən görüm.
Yalnız zəfər çalmış zəfər günündə
Şəhidlər önündə əyilən görüm.
 
Əbəs yerə Bəxtiyar Vahabzadənin Azərbaycan bayrağını tərənnüm edən bu şeirinə müraciət etmədim. Dünən Avropa Liqasında mübarizə aparan paytaxtın “İnter” komandası Albaniyanın “Laçi” klubunu mübarizədən kənarlaşdıraraq ikinci təsnifat mərhələsinə vəsiqə qazandı. Təbrik edirəm. Oyun barədə uzun-uzadı danışmaq istəmirəm. Mənim üçün əsas olan oyunun final fiti səslənəndən sonra yaşanan, bəlkə də Azərbaycan futbol tarixində bir daha görə bilməyəcəyimiz mənzərə idi. “İnter” klubunun prezidenti Georgi Nikolovun stadionda yaşadıqları və orada onu izləyənlərə yaşatdıqları. Bolqarıstanlı Georgi Nikolov. Bunu xüsusi vurğulamağım da səbəbsiz deyil. Uzun illərdi ölkəmizdə fəaliyyət göstərən Nikolovu mən azərbaycanlıdan seçmirəm. Bəlkə də, o çoxumuzdan daha bağlıdı bu ölkəyə, çoxumuzdan daha artıq sevir bu ölkəni, milləti. Dünən gördüklərim də buna sanki sübut idi. Azərbaycan bayrağını başının üzərinə qaldıraraq, uşaq kimi stadionun bu başından o başına qaçıb sevinməyi, ağlamağı, kimi gəldi qucaqlayıb öpməyi və... Və ən əsası başı üzərində Azərbaycan bayrağını tutaraq diz çökməyi. Nikolovun bu davranışını məncə ölkəmizdəki çox  klubun prezidenti etməz. Çünki bizimkilərdə mənəm-mənəmlik, özünü dartma ki var.. Onlardan bir zad olası deyil. Başqa millətin nümayəndəsi bu ölkə üçün, onun uğuru üçün çalışdığını dərk edir. Elə qazancını da burdan təmin elədiyini də. Ona görə də bunlar sanki minnətdarlıq hissləri idi. Nikolov ağladı, özüdə hönkürə-hönkürə. Bu “İnter”in növbəti mərhələyə çıxmağının sevincindən çox, yaşanan bu qədər problemin, maddi sıxıntının, hətta komandanın dağılma ərəfəsində olduğu məqamda özündə güc tapıb birlik, bərabərlik, mübarizlik nümayiş etdirməsi üçün axan göz yaşları idi. Stadionda bu mənzərəni izləyən bütün həmkarlarım sanki donub qalmışdı. Sadəcə ayaq üstə alqışlayırdıq...
 
Azərbaycan bayrağı Azərbaycan xalqının müstəqilliyinin və istiqlalının rəmzidir. Azərbaycan bayrağı namus və qeyrət emblemi olub dövlətimizin mənəvi-siyasi pasportu, vizit vərəqəsidir. Аzərbаycаn bаyrаğı milli ləyаqət simvоlumuzdur.Mənim bayrağımı - namus və qeyrətimi başı üzərində tutub, bu bayraqla diz çökən Georgi Nikolov, əllərindən öpürəm!!!
 
 
İlkin BABA

Xəbər xətti