"Neftçi"də Gündüz Abbaszadə üçün "torba" əməliyyatı YAZI

15:32 - 12 İyul 2015

Əgər Gündüzün yerində gözünüz yoxdursa...

 

Son günlər “Neftçi”nin “Mladost”a məğlub olması ilə bağlı xeyli yazılar yazılır, klubdakı durum haqlı olaraq tənqid atəşinə tutulur. Amma bu dəfə məsələnin görünməyən yanından bəhs eləmək istəyirəm. Əvvəlcə qeyd edim ki, mətbuat nümayəndəsi olaraq hər zaman medianın yanında olduğumuzu bildirim. 

 

Oyundan əvvəl “Neftçi”nin rəsmi “Youtube” səhifəsində səsli videoçarx yerləşdirildi. Gündüz Abbaszadənin səsi ilə. Görünüşdə bunda qeyri-adi heç nə yoxdur. Amma.. İşin əmması var. Son vaxtlar “Neftçi”də Sadıq Sadıqovun sonuncu kadrı Gündüz Abbaszadəyə qarşı klubdaxili kampaniya aparılır. Məqsəd onu da komandadan uzaqlaşdırmaqdır. “Neftçi”yə yaxınlığı ilə bilinən bəzi media orqanlarında onun yerinə konkret kiminsə gətirildiyi ilə bağlı da xəbərlər dərc olundu. İndi isə məsələnin özəyini işə salıblar. Azarkeşləri Gündüz Abbaszadəyə qarşı ayağa qaldırırlar. Çox məntiqli və planlı həyata keçirilən siyasətdir. Mən demirəm Gündüz süddən çıxmış ağ qaşıqdır. Sadəcə ona qarşı aparılan bu siyasət çox çirkindir. Gündüz videoçarxı öz səsi ilə yayımlamaqla əslində buna işarə etdi. İndi “Neftçi”dəki digər əməkdaşlar Abbaszadəni “vurmaq” üçün dəridən qabıqdan çıxmağa başlayıb. Baş rolda isə Arif Əsədovun oğlu Cavid Əsədov və sosial şəbəkədə “Qarabağ”ı söyən Çingiz Həsənovdur. Bunlar isə Elnur Məmmədova çox yaxın insanlardı. Sosial şəbəkəyə Çingiz Həsənov cavabdehdir. Klubun rəsmi səhifəsini dədə malı kimi istifadə edir. Kimi istəyir söyür, kimi istəyir səhifədən uzaqlaşdırır, şərhləri silir. Yəni, dərəbəylikdir. Azarkeş də bunlara məsul şəxs kimi “ofsaydda qalan” Gündüz Abbaszadəni bilir. Əla düşünülüb, vallah. 

 

Əbəs yerə “ofsaydda qalan Gündüz” ifadəsini işlətmədim. Klubdakı müsahibələrə Mehman Rəsulov, sosial şəbəkələrə Çingiz Həsənov, foto-video işinə isə Cavid Əsədov cavabdehdir. Klubun saytının redaktoru isə Habil Hacıyevdir. O da Elnur Məmmədovdan icazəsiz saytda bir vergül belə qoya bilməz. Deyə bilərlər ki, bunlar guya hamısı Gündüzə tabe olduğu üçün işlərini görür. Hə, biz də inandıq... 

 

Görünən odur ki, “Neftçi”də əməlli başlı təmizləmə işləri aparılır. Qarabağ müharibəsi veteranı operatorun çıxarılmasından tutmuş, Ramin Musayevin adamı olan anbardar Sadiq və onun bacısı oğlunun qovulmasına qədər. Unutmadan bir məqam: Sadıq Sadıqovun vaxtında bazada itə baxan bir nəfər (Xəyyam – İ.B) indi “Neftçi”nin azarkeşlə əlaqələndiricisi olub. Bu da sizə klub rəhbərliyinin aparığı “məntiqli siyasət”. 

 

Qısası, “Neftçi”yə Sadıq Sadıqovun gətirdiyi Gündüz Abbaszadənin klubdan göndərilməsi üçün bütün planları işə salıblar. Vaxtilə “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovla bağlı problem yaşananda bütün mətbuat onun müdafiəsinə qalxdı. Zənnimcə indi də eyni addımı atmaq lazımdır. Əgər Gündüzün yerində gözünüz yoxdursa.... 

 

Sportal.az

Xəbər xətti