"Güclü tərəfləri rəqibi əks-hücumda yaxalamaqdır"
"Oyun öncəsi şansları 50 50-yə dəyərləndirirəm. Hər iki komanda növbəti mərhələyə yüksəlmək gücünə malikdir. "Çukariçki" müdafiədə çox güclüdür və ən güclü tərəfləri rəqibi əks-hücumda yaxalamaqdır. Onlar topla oynamağı sevmirlər, topa nəzarəti rəqibə verirlər və top itirməyini gözləyirlər. Ardınca, 5-6 futbolçu sürətlə hücuma çıxırlar və qol epizodların hamısını belə yaradırlar".
Bu sözləri Sportal.az-a açıqlamasında "Bakı"nın sabiq futbolçusu Junior Xavyer deyib. Avroliqanın ilk təsnifat mərhələsində Serbiya "Çukariçki"sinə məğlub olan Sloveniya "Domjale"sində forma geyinən Xavyer II təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Çukariçki"nin güclü tərəflərini bildirib:
"Çukariçki" öz evində daha yaxşı oynayır. Çünki stadionlarının ot örtüyü o qədər də yaxşı deyil. Rəqib komandanın belə örtüyə öyrəşməsi çətin olur. Səfər matçında əks-hücumlara üstünlük verən komanda ev oyunlarında ancaq uzun hava toplarından istifadə edir. Onlar mövqe seçimini çox yaxşı edir. "Qəbələ"yə məsləhətim odur ki, müdafiə xətti bu oyuna xüsusi hazırlaşsın". Xavyer rəqibin təhlükəli futbolçuları haqda da danışıb: "Bəzi futbolçular öz şəxsi keyfiyyətlərinə görə fərqlənir. 11 nömrəli hücumçuları həm hava toplarında, həm də sürətdə çox güclüdür. Digər diqqət yetiriləsi futbolçu sağ cinah müdafiəçisidir. 10 nömrəli futbolçunun hər pası rəqib üçün təhlükədir. Bütün komanda oyunu onun üzərində qurmağa çalışır. "Qəbələ" bu oyuna yaxşı hazırlaşsa, asanlıqla keçə bilər".
saytlarin hazirlanmasi