Qurban Qurbanov: "Əsas odur ki, yeni hücumçumuz bizim oyun üslubumuza uyğun olsun"

19:53 - 14 İyul 2015

“Bizim Avropa təcrübəmiz daha çoxdu” 

 

“Bu turnirin yeri tam başqadı. Xüsusən də, II mərhələ”.

 

Sportal.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Sabah UEFA Çempionlar Liqasında mübarizəyə qoşulacaq Ağdam klubu II təsnifat mərhələsində Monteneqro çempionu “Rudar”ı qəbul edəcək.

 

Qurban Qurbanov oyun öncəsi mətbuat konfransında ehtiyatlı danışıb:

 

“Keçən il çox istədik ki, daha uğurlu nəticə əldə edək. Alınmasa da, fikrimcə, uğurlu mövsüm keçdi. Həmin nəticədən sonra bu mövsüm məndən daha böyük uğur tələb olunacaq. Çalışacağıq maksimum dərəcədə uğurlu çıxış edək. Fasilədə çalışdıq komandanı normal səviyyəyə gətirək. Tam istədiyimiz kimi olmadı. Amma pis də deyil. “Rudar” gözləmədiyimiz rəqibdi. Rəqibi yaxından tanıya bilmədik. Çünki 5 yeni oyunçuları da var. Komandanın oyun üslubunu bəyəndim. Topla oynamağı xoşlayırlar. Bu cür komandaların futbolçuları xarakter nümayiş etdirirlər. Biz nə qədər təhlil etsək də, onları yalnız ilk oyunda daha yaxından tanıyacağıq. Monteneqro çempionuna qarşı çıxış edəcəyik. Çalışacağıq sabah az səhv edək, lazımi anlarda lazımi dəyişiklikləri edək”.

 

- Start heyətini müəyyənləşdirmisiniz?

- Allah uzaq eləsin, xəstəlik olmasa, heyətimizi müəyyənləşdirmişik.

 

- Puponun gec gəlməsi sizin planlarınıza təsir edəcəkmi?

- İnanmıram ki, bunun bizə təsiri olsun. İndi oyunçu tapmaq çox çətindi. Türkiyədə legioner limitini qaldırıblar. Builki kimi az sayda oyunçu bizə heç vaxt təklif olunmamışdı. Əsas odu ki, yeni hücumçumuz bizim oyun üslubumuza uyğun olsun.

 

 

- Oyun keyfiyyətiniz sizi qane edir?

- İndi elə vaxtdı ki, heç bir komanda ideal oyun göstərə bilməz. Bizim üstünlüyümüz odu ki, Avropa təcrübəmiz daha çoxdu. Yavaş-yavaş oyun keyfiyyəti də artacaq. Bir neçə gənc oyunçu cəlb etdik komandaya. Tək-tək baxdıqda oyunçu sayı çox görünür. Amma nə qədər desən ki, heyət komplektləşib, yenə də çatışmazlıqlar olacaq.

 

- Yeni transferlərdən sonra nə dərəcədə fərqli “Qarabağ” görə biləcəyik?

- Çalışmışam oyun üslubunu dəyişməyək. İlk vaxtlar oyun keyfiyyəti nisbətən aşağı ola bilər. Biz hər il oyunumuzu daha da yaxşılaşdırmağa çalışırıq.

 

- Rəqibin sabah Reynaldoya xüsusi diqqət yetirəcəyi gözlənilir...

- Bu, normaldı. Hər komanda Reynaldo kimi oyunçuya sahib olmaq istəyər. O da çalışır oyununu daha da yaxşılaşdırsın. Çünki rəqiblər getdikcə ona qarşı diqqəti artırırlar.

 

- Rəqibdən ehtiyat edirsiniz, yoxsa həmişəki kimi hörmətlə yanaşırsız?

- “Rudar”ın güclü komanda olduğunu sabah görəcəksiniz. Onlar da bu matça ciddi yanaşırlar. Çalışırıq həmişə həqiqəti danışaq.

 

- Sabah oruc tutan futbolçulara qadağa qoyulacaqmı?

- Xeyr, mən heç vaxt belə qadağa qoymuram. İndi hansı heyəti düşünürüksə, onları da oynadacağıq.

 

- “Bakı”nın futbolçusu Mahir Mədətovla danışıq necə gedir?

- Mahir bizim maraq dairəmizdədi. Bu məsələ “Bakı” rəhbərliyi ilə gedəcək danışıqlardan asılı olacaq.

 

Apasport.az

Xəbər xətti