"Böyük turnirlərdə ilk iştirakımdı"
Türkiyənin "Mersin İdmanyurdu"nun yetirməsi olan Halit Oğuzhan Çikırtı "Qarabağ"ın bu mövsüm UEFA-ya göndərdiyi siyahıda yer alıb.
Sportal.az-ın suallarını cavablandıran Halit bu və digər məsələlər haqda danışıb:
- "Qarabağ"a "Mersin İdmanyurdu"ndan gəlmisən. Türkiyə futbolu ilə bizim futbol arasında nə kimi fərqlər hiss etdin?
- Azərbaycan futbolu inkişaf içərisindədir. Gün keçdikçə yaxşılığa doğru gedir. Uşaq futboluna verdiyi önəm Türkiyədə bir çox komandaya nisbətən daha çoxdur. Liqada daha çox yerli və gənc oyunçular oynayır. Bu da müsbət haldır.
- Azərbaycanda ilk təcrübən "Qarabağ" kimi bir komandada olur. Bunu sənin üçün bir üstünlük saymaq olar?
- Təbii ki, çox böyük bir üstünlükdü. Avropada öz sözünü demiş komandalarla mübarizə aparan bir klubun heyətində olmağı hər kəs istəyər. Həmçinin klub son 2 ilin ölkə çempionudu.
- İddiası yüksək olan "Qarabağ" kimi bir komandada nə vaxtsa özünü ilk "11-lik"də görürsən?
- Bunu demək üçün hələ çox tezdir. Mən sadəcə komandaya xeyir vermək üçün buradayam. Əgər nə vaxtsa start heyətdə yer alaramsa, təbii ki çox sevinərəm. Amma hələ ki, çox yeniyəm və çalışmalıyam.
- "Qarabağ"da ümumi ab-hava necədir? Komanda yoldaşlarınla yola gedə bilirsən?
- Komanda yoldaşlarımla aram çox yaxşıdır. Burada dostluq əlaqələri yüksək səviyyədə qurulub.
- "Qarabağ"ın 3-cu qolkiperi olaraq Çempionlar Liqasına yollanassan. Bu sənin ilk böyük turnir həyacanındı?
- Bəli, belə bir böyük turnirdə ilk dəfədir ki, iştirak edirəm. Əgər nə vaxtsa komandama xeyir vermək lazım olarsa, buna hazıram.
- Bu gün keçiriləcək "Rudar" matçı haqqında fikirlərin? Səncə"Qarabağ" bu səddi aşa biləcək?
- Futbolda erkən danışmaq olmur. Belə bir turnirdə hər bir komanda iddialıdır. İnşallah hesab bizim xeyrimizə olar.
Orxan Həsənquliyev
saytlarin hazirlanmasi