Qız evində toydur, oğlanın xəbəri yoxdur: "Rəvan" Premyer Liqada çıxış edəcəyini təkzib etdi

00:38 - 19 İyul 2015

"Biz planlarımızı birinci dəstəyə uyğun qurmuşuq"

 

“Simurq”un Azərbaycan Premyer Liqasında rəsmən çıxış etməyəcəyini bəyan etməsi yeni mövsümdə birinci divizion təmsilçilərindən birinin elitaya yolunu aça bilər. Bununla bağlı artıq mətbuata xəbərlər sızıb ki, “Simurq”un yerinə Premyer Liqada “Rəvan” mübarizə aparacaq.

 

“Rəvan”ın vitse-prezidenti İlqar Axundov və baş məşqçi Ramil Əliyev Sportal.az-a açıqlamasında bunu təkzib edib. Klub rəsmisi İlqar Axundovun məsələyə münasibəti belə olub:

 

“AFFA və PFL-dən bizə rəsmi müraciət gəlməyib. Əgər belə bir təklif olarsa, baxacağıq. Bu məsələni müzakirə etməmiş qərar bildirmək çətindir. Klubun gələcək planları birinci dəstəyə uyğun qurulub. Ona görə də indi heç nə deyə bilmərəm”.

 

Baş məşqçi Ramil Əliyev “Rəvan”ın Premyer Liqada mübarizə aparacağı ilə bağlı yayılan xəbərlərə belə fikir bildirib:

 

“Premyer Liqada çıxış edəcəyimizlə bağlı klubdan bizə heç nə deyilməyib. Əgər belə bir məsələ olsaydı, yəqin baş məşqçi kimi mənim də xəbərim olardı. Açığı, komanda hələ bir yerə yığılmayıb. Biz planlarımızı birinci dəstəyə uyğun qurmuşuq. Ona görə növbəti mövsümün hazırlığına bir qədər gec başlayırıq. “Rəvan”ın Premyer Liqada mübarizə aparacağı ilə bağlı məlumatları da mətbuatdan oxuyuram”. Burada babalarımız yaxşı deyiblər ki, “Qız evində toydur oğlanın xəbəri yoxdur”

Xəbər xətti