"Bizi səfərdə daha çətin oyun gözləyir"
“Qarabağ”ın və milli komandamızın müdafiəçisi Rəşad Sadıqovun Sportal.az saytına müsahibəsi
Çempionlar Liqasının ikinci mərhələsində evdə “Rudar”ın qapısına yol tapa bilmədiz. Bu oyunla bağlı nə deyə bilərsiz?
Gözlədiyimiz kimi, çətin oyun keçdi. Rəqib daha çox müdafiəyə diqqət ayırmışdı. Hiss olunurdu ki, bizi çox yaxşı analiz etmişdilər. Buna görə də, qol epizodları yaratmaqda çətinlik çəkdik. Qələbə qazanmaq istəyirdik, amma alınmadı.
Qarşıda cavab oyunu var. Aydın məsələdir ki, “Rudar” evdə daha aqressiv oynayacaq. Bu, istənilən nəticəni qazanmaq üçün sizə çətinlik yarada bilərmi?
Mən əvvəlki müsahibələrimdə demişəm ki, hətta “Qarabağ” yox, başqa bir klubumuz da bu turnirdə oynayanda bildirmişəm ki, Çempionlar Liqası Avropa Liqasından çox fərqli turnirdi. Çünki bu turnirdə daha çox ölkələrinin çempionları təmsil olunur. Bu turda qeydə alınan bir çox nəticələr də onu göstərdi ki, Çempionlar Liqasında demək olar ki, zəif komanda olmur. Bu üzdən də, başa düşürük ki, bizi səfərdə daha çətin oyun gözləyir.
“Qarabağ” – “Rudar” cütünün qalibinin növbəti turda “Seltik”lə qarşılaşacağı müəyyənləşib. Ölkəmizin futbol ictimaiyyəti artıq “Qarabağ”ın “Seltik”lə oyunda şanslarını dəyərləndirməyə başlayıb. Hətta sizin “Seltik”i mübarizədən kənarlaşdırmalı olduğunuzu deyənlər də var. Bu barədə nə deyə bilərsiz?
Bu söz-söhbətlər mənim də qulağıma çatıb. Mənim fikrimcə, indidən “Seltik”i müzakirə edən insanların ya “Rudar”la evdəki ilk oyunumuzun nəticəsindən xəbərləri yoxdur, ya da ki, onlar “Qarabağ”ı istəməyən insanlardır. Biz komanda olaraq, hələki “Seltik” barədə qətiyyən düşünmürük. Təcrübəli bir komanda kimi, ilk oyunun nəticəsindən sonra başa düşürük ki, səfərdəki oyun çox ağır keçəcək.
“Rudar”la ilk matçda “Qarabağ”ın oyununda çatışmazlıqlar gözə çarpırdı. Bu nə ilə bağlıydı?
Nəzərə almaq lazımdır ki, mövsümün ilk rəsmi oyunu idi. Bu dönəmdə komandanın optimal formada olması qeyri-mümkündür. Özünüz də gördüz ki, komandada xeyli dəyişikliklər olub. Təbii ki, futbolçuların bir-birinə uyğunlaşması vaxt tələb edir. Hamımız bunu anlayırıq və məşqlərdə də bu mərhələni tezliklə adlamağa çox çalışırıq.
Orxan HƏSƏNQULİYEV
saytlarin hazirlanmasi