"Yeyin, mənim şappana balalarım" YAZI

22:05 - 20 İyul 2015

“Simurq”un yerinə torbadan pışşş edib “Rəvan” çıxacaq
 
 
Bir film də beləcə bitdi. Zaqatala stadionunda daha o filmə baxa bilməyəcəyik. Səssiz-səmirsiz yekunlaşdı. Baş rolun ifaçıları Azərbaycan reallığında növbəti qurban oldu.”Simurq”un qanadını qırdılar.
 
Düzü bu yazını yazmaq üçün biraz səbrli olub, yekunu gözləyirdim. “Axırıncı aşırım” filmində deyildiyi kimi,  "Hələ səbr elə görək, bu kolxoz-molxoz oyununun axırı nə olur". Fərqli bir zad da olmadı onsuz. İddia olundu ki, AFFA “Simurq”a müəyyən məbləğ verib, mövsümə davam etməyini istəyib. Onlar da "Biz kolxoz olmaq istəmirik, kişi kimi yaşamışıq, kişi kimi də öləcəyik" deyib, fəaliyyətini dayandırdılar. Sabah yeni mövsümün də püşkü atılacaq. “Simurq”un yerinə torbadan pışşş edib “Rəvan” çıxacaq. O Rəvan ki, ölkə futboluna nə verdiyi, nə dinə quluq elədiyi bəlli deyil. Bir nəfər var görəsən “Rəvan” azarkeşi? Bölgədə futbol olmasa da olar. Azərbaycan axı təkcə Bakıdan ibarətdir.Necə deyərlər, yeyin, mənim şappana balalarım"  (“Bizim cəbiş müəllim”). Menyu budur. Çempionat da başlayadan sonra “o başbilən” deyəcək ki, Əli, Vəli, filankəs! Sən bu gün böyük qardaşına hörmət elə, sabah o qonşuya qonaq gedəcək, yorulmasın. Onsuz o “ad çıxaran” qonşu onu qəşəng “yoracaq”. Beləcə, əxlaqsız bir şey çıxacaq ortalığa. "Hirslənmə, bəy, doğru söz acı olar". (“Yeddi oğul istərəm”.) Bu sıxlıqda “mehribanlaşanlar” da çox olacaq. Sabah da bəh-bəhlə utanmadan çempionatın əlalığından, federasiyanın hesabatından, hakimlərin düzgün qərarlarından, Azərbaycanın futbol ölkəsi olmağından danışacaqsınız. Üzünüz qızaracaq? İnanmıram...
 
 
Guya biz bunu deyə-deyə neyləyənik ki? "Topumuz, topxanamız olmasa da, namusumuz, qeyrətimiz var, bəy, dözərik". (Axırıncı aşırım). Təki, sənin könlün xoş olsun. 
 
 
Son sözüm bu “mənasız” çempionatı idarə edəcək hakimlərədir! "Bir gün azad yaşamaq qırx il boyunduruq altında yaşamaqdan daha üstündü". Amma siz seçiminizi etmisiniz zatən!
 
 
Sportal

Xəbər xətti