Onu kim əmin eləyib ki, “Simurq” dağılmayacaq?
Bir neçə gün əvvəl jurnalistlərin suallarını cavablandıran AFFA prezidenti demişdi ki, “Simurq” yaşayacaq, Premyer Liqada çıxışını davam etdirəcək. Ancaq Rövnəq Abdullayevin açıqlamasından heç bir həftə keçmədi ki, “Simurq”un əvəzinə Premyer Liqada “Rəvan”ın çıxış edəcəyi dəqiqləşdi.
Heç kimə sirr deyil ki, ölkə iqtisadiyyatının onurğa sütunu sayılan neft sektorunun rəhbəri olan Rövnəq Abdullayevin futbolla məşğul olmağa kifayət qədər vaxtı yoxdur, yəqin ki, elə həvəsi də. O, adətən ətrafında olanlardan eşitdiklərini, onların dediklərini ictimaiyyət qarşısında danışır. Ancaq artıq neçənci dəfədir görürük ki, Abdullayev hər hansı bir fikir deyir, bir müddətdən sonra onun dedikləri öz təsdiqini tapmır. Bəs, Rövnəq Abdullayevi hər dəfə ictimaiyyət qarşısında yalançı çıxarmaq kimə və nəyə gərəkdir?
O da heç kimə sirr deyil ki, AFFA rəhbərləri arasında çoxdandır ki, soyuq müharibə gedir. Bir tərəfdə Rövnəq Abdullayevlə Ramin Musayev, digər tərəfdə isə Elşad Nəsirovla Elxan Məmmədov. Və bu müharibə get-gedə daha açıq, daha amansız şəkil alır. Qarşıdurmanın ən fəal iştirakçısı isə AFFA-nın baş katibi Elxan Məmmədovdur. Azərbaycan futbolunu asta-asta ələ keçirən, öz adamlarını klublara yerləşdirməklə qüvvə toplayan Məmmədov artıq qarşı tərəfi xeyli zəiflədib.
Ölkədə az qala hamının “Simurq”un dağılması barədə məlumatı olsa da, Rövnəq Abdullayev əminliklə bu klubun yaşayacağına dair açıqlama verir. Niyə? Bu məlumatı ona kim verib? Rövnəq Abdullayevi kim əmin eləyib ki, “Simurq” dağılmayacaq? Bu söhbətin altından Elxan Məmmədovun adı çıxsa, heç təəccüblənmərik. Hətta, Elxan Məmmədovun bu duruma necə aydınlıq gətirəcəyini də təxmin etmək çətin deyil. Baş katib deyəcək ki, “Simurq”a illik 400 min manat yardım təklif edildi, onlar bunu qəbul etmədi. Məsələ burasındadır ki, Premyer Liqada 400 min manata klub saxlamaq olmaz. Digər tərəfdən də, Elxan Məmmədov hamıdan yaxşı bilir ki, “Simurq”un xeyli borcu var və bu borcun miqdarı az qala milyonu aşır. Yəni, absurd məbləğ təklifi Rövnəq Abdullayev qarşısında "alibi"dən başqa bir şey deyildi.
Rövnəq Abdullayevin sözünün yalan çıxması onun adına böyük zərbədir. Futbolumuzun rəhbəri bir söz deyir, ancaq sabah hər şey başqa cürə olur…
Emin ABBASOV
saytlarin hazirlanmasi