AFFA-nın 1 milyonluq absurd tenderi YAZI

13:04 - 21 İyul 2015

Bu təfəkkürlə, bu ağılla idarə olunan futbolumuz...

 

Dünən məlum olub ki, yeni mövsümdən Premyer Liqanın yayım hüququnu əldə etmək istəyən telekanal 1 milyon manat ödəməlidir. Bəli, 1 milyon manat. Bilirəm, bunu oxuyarkən çoxlarınız “bunların başı xarab olub, nədir?” deyə, düşünəcəksiz. Yox, dəli deyillər. Amma bəzən özlərini hamıdan ağıllı sayırlar, işlərinə yarayanda, hətta özünü dəliliyə qoyanlar da olur aralarında...

 

Dəfələrlə yazmışıq ki, futbol gəlir gətirməsə, inkişaf olmayacaq. Azərbaycan klublarının əksəriyyətinin rəzil duruma düşməsinin də, əsas səbəbi elə budur. Klublarımız pul qazana bilsəydilər, bu gün hansısa oliqarxın müflisləşməsinə görə dağılmaq təhlükəsi ilə üzləşməzdilər. Avropanın aparıcı klublarının əsas gəlir mənbəyini teleyayımdan və stadiondan (bilet satışı və s.) əldə olunan qazanc təşkil edir. Ancaq bu o demək deyil ki, AFFA Premyer Liqanın yayım hüququnu 1 milyon manata, klublar isə çempionatın hər oyununa bileti 50 manata satsın. Bu, utopiyadır. Bunu dilə gətirmək belə, ayıbdır, ayıb...

 

Çempionatın yayım hüququnu astronomik qiymətə satışa çıxarmazdan əvvəl araşdırma aparmaq lazım idi ki, texniki cəhətdən hansı telekanallarımız Premyer Liqanın yayımını üzərinə götürə bilər. Bir televiziyaçı kimi deyə bilərəm ki, ATV, Xəzər TV, Space, ANS telekanallarının belə imkanları yoxdur. Yəni, bu telekanalların hər həftə futbol matçlarını göstərmək üçün lazım olan texniki avadanlıqları yoxdur. AZTV/İdman Azərbaycan, İctimai TV və Lider TV-də belə standartlara cavab verən “PTS”-lər və ya bizim dildə desək, Səyyar Peyk Stansiyasıları var. Ancaq həftəlik futbol verilişləri belə olmayan İctimai və Lider TV-nin hətta pulsuz olsa da, Premyer Liqanın yayım hüququnu üzərinə götürmək marağında olduğunu demək çətindir. Deməli, qalır yalnız  AZTV/İdman Azərbaycan. Amma bu telekanalın da yayım hüququnu 1 milyon manata alması real görünmür. Bəlkə yuxarıdan tapşırıq gəlsə...

 

Təəssüf ki, futbolumuzun başında duran adamlar həmişə rahat yollar axtarırlar, ortaya ciddi iş qoya bilmirlər. Dəfələrlə demişəm, yenə də deyirəm. Klublarımızın teleyayımdan pul qazanması üçün özəl futbol telekanalı yaradılmalıdır. Həmin telekanalı izləmək üçün abunəçilər müəyyən məbləğ (aylıq 2 və ya 3 manat) ödəməlidirlər ki, həmin gəlirdən klubların payına nə isə düşsün. Bu barədə dəfələrlə ətraflı yazdığım üçün yenə eyni mövzuya qayıtmaq istəmirəm. Onsuz da, AFFA rəhbərliyi real iş görməkdənsə, məntiqsiz tender keçirməyi üstün tutur. Bu təfəkkürlə, bu ağılla idarə olunan futbolumuz bundan da pis günə düşsə, heç təəccüblənməyin...

 

Emin ABBASOV

Xəbər xətti