"Baş məşqçimizin komandadan nə istədiyini bilirəm"
"Qarabağ"ın gənc futbolçusu Coşqun Diniyev Sportal.az-ın suallarını cavablandırıb:
- “Rudar”la son matçda start heyətində meydana çıxdın. Nə hisslər keçirirsən?
- Hər bir futbolçunun başlıca istəyi komandasının qələbəsi və həmin qələbədə pay sahibi olmaq istəyidir. İlk dəfə Çempionlar Liqasında əsas heyətdə mübarizə apardım. Çox gözəl hisslər idi. İstər-istəməz oyunun əvvəllərində həyəcan var idi. Getdikcə bunu üzərimdən atmağa çalışdım.
- Demək olar ki, oyunun ən yaxşılarından biri idin. Fərqli mövqedə çıxış etməyinin buna təsir göstərdiyini demək olar?
- Komandanın qələbəsi üçün əlimdən gələni etməyə çalışdım. Nə dərəcədə xeyirli olduğumu mən yox ilk öncə baş məşqçimiz və oyunu izləyənlər bildirə bilər. Mənim üçün orta sahədə istər dayaq yarımmüdafiəçisi, istərsə də hücumameyilli oynamaq fərq etmir. Hər iki mövqe mənim üçün tanışdır.
- Bir neçə yoxlama və 2 rəsmi oyunda meydanda olmusan. Artıq, demək olar komandaya tam uyğunlaşmısan?
- “Qarabağ” tamam fərqli bir klubdur. Burda uyğunlaşmaq çətin olmur. Hər bir futbolçuya artıq uyğunlaşmışam. Baş məşqçimizin komandadan nə istədiyini bilirəm. Hazırda bir az çətinlik olsa belə, bu da avrokuboklarda təcrübəmin olması ilə bağlıdır.
- Komandada hələ ki, gözə çarpacaq çatışmayan cəhət kimi son nöqtəni qoya bilməməsidir. Bunu nə ilə bağlıyardın?
- Komandaya yeni oyunçular cəlb olunub. Bir-birimizə öyrəşmək bir az vaxt ala bilər. Bunu anlayırıq. Amma getdikcə hər şey yaxşılığa doğru gedir. Nəzərə alaq ki, “Rudar” qapalı müdafiə olunurdu. Onun üçün də müdafiəni yarmaq çətin idi.
- Məlum olduğu kimi, növbəti mərhələdəki rəqibiniz Şotlandiyanın adlı-sanlı “Seltik” klubudur. İlk oyunu səfərdə oynayacaqsınız. Səncə, sərfəli nəticə ilə dönmək olar?
- Rəqibimizin səviyyəsindən xəbərimiz var. Amma Çempionlar Liqasında ad önəm daşımır. Həmin matçda hansı komanda daha hazırlıqlı olsa, həmin komanda da istədiyi nəticəni qazanacaq. Biz də çalışacağıq ki, həmin günü hazırlıqlı olan komanda biz olaq. Rəqibi araşdıracağıq. Üstün və mənfi cəhətlərini tapmağa çalışacağıq. Həmin oyunda hədindən artıq diqqətli və təmkinli olmaq lazımdır.
- Belə söz-söhbətlər gəzir ki, “Qarabağ” “Rudar”la matçda oynadığı oyunu sərgiləsə, “Seltik” səddini keçə bilməyəcək. Sən necə düşünürsən?
- “Rudar”ın qapalı futbolu bizi elə oynamağa məcbur elədi. Həqiqətən çətin idi onlarla mübarizə aparmaq. “Seltik”in necə oynadığını hələ bilmirik. Amma rəqibdən asılı olmayaraq öz oyunumuzu daha da yaxşılaşdırmalıyıq.
- “Qarabağ”ın avrokuboklardakı çıxışına baxsaq, daha çox səfərdə yaxşı çıxış etdiyini görmək olar. Bunu nəzərə alaraq ilk matçın həlledici olacağını söyləmək olar?
- İndidən nəsə demək mənasız olar. Oyun gününə kimi maksimum formada olmağa çalışacağıq. Meydana çıxıb öz oyunumuzu oynamalıyıq.
- Son olaraq azarkeşlərə sözün nədir? Səfərdəki nəticədən asılı olmayaraq sizə inanıb stadiona gələ bilərlər?
- “Qarabağ” azarkeşləri həqiqətən də möhtəşəmdilər. Bunun şahidi oldum. Onlara bizə dəstək olduqları üçün minnətdarlığımı bildirirəm. Onları hər zaman sevindirməyə çalışacağıq.
Orxan Həsənquliyev
saytlarin hazirlanmasi