Yayım məsələsi Elxan Məmmədova tapşırılıb
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqasının Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə bağlı elan etdiyi tenderə sənədlərin son təqdim olunma müddəti avqustun 3-də, saat 18:00-da başa çatıb.
Sportal.az Futbolxeber.az-a istinadən xəbər verir ki, AFFA-nın rəsmi saytı tenderdə iştirak etmək üçün yalnız bir TV kanalının müraciət etdiyini yazıb. Həmin kanalın adı isə açıqlanmayıb. Çoxları həmin kanalın "İdman Azərbaycan" olduğunu güman etsə də, əslində belə deyil. Adı açıqlanmayan həmin kanal CBC-dir (Caspian Broadcasting International Company).
Niyə məhz CBC? Əslində burada qeyri-adi heç nə yoxdur. Çünki sözügedən kanalla AFFA-nın sponsoru eyni şirkətdir. Söhbət SOCAR-dan gedir.
Tezliklə CBC kanalının avadanlıq məsələsi həll ediləcək. İlk öncə CBC tamaşaçılara yalnız Bakıdakı oyunları təqdim edəcək. Avadanlıq məsələsi yoluna qoyulduqdan sonra isə paytaxtdan kənarda keçirilən qarşılaşmalar da canlı yayımlanacaq.
Bundan başqa, CBC və AFFA arasında 1 milyonluq şərti müqavilə də bağlanacaq. Lakin bu, formal xarakter daşıyır. Üstəlik, "İdman Azərbaycan" kanalından da bir neçə aparıcının CBC-ə "transfer olunacağı" gözlənilir.
Klublar da bu məsələyə etirazlarını bildirməyəcəklər. Hazırda Premyer Liqada bir neçə klubun eyni "cib"dən maliyyələşməsi belə məsələlərdə ümumi fikrə gəlməyə kömək edir.
Yayım məsələsi AFFA-nın baş katibi Elxan Məmmədova tapşırılıb. Bu isə o deməkdir ki, PFL-in prezidenti Ramin Musayev bu "oyun"dan kənarda qalıb. İdeyanın isə baş katibə yaxınlığı ilə tanınan, hazırda paytaxt klublarından birində rəhbər vəzifə tutran şəxsə məxsus olduğu bildirilir.
saytlarin hazirlanmasi