"Komandamda zəif bir oyunçu görmədim"
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində keçirilən “Qarabağ” doğma meydanda “Seltik”lə 0:0-lıq heç-heçə edərək turnirdə mübarizəni dayandırıb.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bunları qeyd edib:
“Hamı kimi nəticəyə görə mən də üzüldüm. Çox istərdik ki, qələbə qazanaraq növbəti mərhələyə yüksələk. Lakin alınmadı. Yüksək səviyyəli bir komandaya qarşı mübarizə apardıq. Azarkeşlərə öz təşəkkürümü bildirmək istəyirəm. Sona kimi dəstək olular. Bu dəstəklə bizim azarkeşlər heç də “Seltik” azarkeşlərindən geri qalmadıqlarını göstərdilər. Mən komandamda zəif bir oyunçu görmədim. Hər bir oyunçu üzərinə düşən vəzifəni yerinə yetirdi. “Seltik”in müdafiəçilərini keçmək elə bir asan məsələ deyil. Hər bir futbolçuya öz təşəkkürümü bildirirəm. Bu cür ot örtüyündə oynamağımıza baxmayaraq düşünmürəm ki, çətinlik çəkdik. Yadımızdan çıxarmayaq ki, “Seltik”ə qarşı oynadıq. Ötən illərə nisbətən “Qarabağ”ı heç də zəif hesab etmirəm. Komandamda 15-16 yaşlı futbolçu olsa da, onların heç birini zəif adlandıra bilmərəm. Düzdür, bəzi çatışmayan cəhətlərimiz var. Lakin bunun üzərində işləməliyik. Bu gün Avropa Liqasında forma geyinən hər bir futbolçu çempionat oyunlarında da mübarizə aparmaq üçün nəzərdə tutulub. Düşünürəm ki, azarkeşlərin də sonda bizi alqışlaması oyundan razı qaldıqlarını göstərdi. Bizim işimiz odur ki, azarkeşlərin oyundan razı qalmalarını təmin edək”.
saytlarin hazirlanmasi