Daha bir hollandiyalı futbolçu "Qarabağ"ın hədəfində

13:37 - 6 Avqust 2015

Mərkəz müdafiəçisi gəlir?

 

Dünən Çempionlar Liqasının III təsnifat mərhələsində Şotlandiyanın "Seltik" klubu ilə qolsuz bərabərə qalmaqla bu turnirlə vidalaşan "Qarabağ" daha bir transfer etməyə hazırlaşır.

 

Sportal.az Qaynar.info-ya istinadən xəbər verir ki, "Qarabağ" müdafiənin mərkəzinə futbolçu axtarır.

 

Maraqlıdır ki, komandanın müdafiəsinin mərkəzi etibarlı əllərdədir. Belə ki, millimizin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov və yığmamızın dağıstanlı üzvü Bədəvi Hüseynov Ağdam komandasının heyətində pis təsir bağışlamırlar. Üstəlik, bu mövqeyə "Neftçi"dən Elvin Yunuszadə də alınıb. Görünür, "Qarabağ" xarici klublardan təklifi olan Bədəvinin yerinə alternativ oyunçu gətirməyi düşünür.

 

Hər halda "Qarabağ" tərəfi bu mövqeyə oyunçu tapılması üçün qollarını çırmalayıb. İndi isə sizə özəl olaraq menecerlərin "Qarabağ"a təklif etdiyi oyunçunun adını təqdim edirik. Bu, 28 yaşlı Henriko Drostdur.

 

"Herenven"in yetirməsi sayılan Drost 2004-2010-cu illərdə bu komandada peşəkar futbolçu karyerası yaşayıb. Ancaq o bu müddətdə "Ekselsior", "De Qrafsxap" və "VVV-Venlo"da icarə əsasında çıxış edib. 2010-2013-cü illərdə "Valveyk"də oynayan Henriko son 2 mövsümü "NAK Breda"da keçirib. Hazırda sərbəst futbolçu olan hollandiyalının ölkəsinin 20 və 21 yaşadək millilərində də çıxış etmək təcrübəsi var. Onu da bildirək ki, Drost son mövsüm cəmi 18 oyuna çıxıb.

Xəbər xətti