"Mən də əlimlə işarə elədim ki, get o tərəfə"
"Qəbələ"nin kapitanı Cavid Hüseynovun müsahibəsi:
- Bu oyunun qəhrəmanı hamımızıq, istər azarkeşlər, istərsə də xalqımız. Bu oyunda bizə dəstək çox idi. Rəqibimiz də xoşagəlməz komanda idi. Bizi qıcıqlandırmaq üçün hər şey etdilər. Amma buna baxmayaraq, qələbə qazandıq. Bütün xalqımın qarşısında baş əyirəm.
- Baş məşqçi Roman Qriqorçuk oyundan sonra sənə nə dedi?
- Heç nə demədi.
- Amma mətbuat konfransında dedi ki, "istəmirdim Cavid sarı vərəqə alsın, istəyirdim emosiyalarına sahib çıxsın. Amma mənim ona olan hörməətim sərhədləri aşır, onu cəzalandırmayacam".
- Düzdür, bizə demişdilər. Amma rəqib elə komandadır, futbolçulara qarşı hər cür təxribat edirdilər. Biz də çalışdıq ki, sakit olaq amma alınmadı. 5 nömrəli futbolçu 4-5 dəfə məni vururdu ki, mən bir şey edim qırmızı vərəqə alım. Onlar bu oyundan çox mənim qırmızı vərəqə almağımı istəyirdilər. Fikirləri o idi ki, bizə xələl yetirsinlər. Bura futbol oynamağa gəlməmişdilər.
- Penalti epizodunda rəqib qapıçısı nəsə deyirdi...
- Onu dilini başa düşmədiyim üçün bilmədim nə dedi. Mən də əlimlə işarə elədim ki, get o tərəfə. Komandamızda penaltiləri mən yerinə yetirirəm, həyəcanlı idim. O boyda dəstənin qarşısında üzüağ çıxmalıydım.
- Pley-off mərhələsinin ilk oyununda olmayacaqsan. Komanda sənin yoxluğunda layiqli mübarizə aparacaq?
- Komandanın hər bir üzvünə güvənimiz çoxdu, inanıram layiqli mübarizə aparacaq. Ehtiyat skamysasında Samir Zərgərov, Asif Məmmədov kimi səviyyəli futbolçular var. Bizdə elə oyunçu yoxdur ki, onun yerinə oyunçu olmasın. Bir də onu demək istəyirəm ki, Kiprlə ilk oyundan sonra, məlum hadisələrə görə, məni qınayan insanlar, hətta jurnalistlər də var idi. Amma mənə dəstək olan çox oldu, hər birinizə təşəkkür edirəm. Məni təhqir edənlərə isə bunu deyirəm ki, onlar məni başa düşə bilməz. Onun qanında problem var, getsin qanını yoxlatsın. Söhbət bayraqdan gedir, əgər kimin yanında bayrağı cırsalar, hər kəs layiqli cavab verər. Mən orda futbolçu kimi yox, azərbaycanlı kimi cavabımı verdim.
saytlarin hazirlanmasi