"Xəzər Lənkəran"ın liderliyi uzun sürə bilər QEYD

12:12 - 11 Avqust 2015

İlk turdakı qələbə və təqvimin əlverişli olması

 

Nəhayət, uzun müddətdən sonra "Xəzər Lənkəran" azarkeşləri öz sevimli komandalarını turnir cədvəlinin ilk pilləsində gördülər. Təbii ki, ilk turlarda yaranan mənzərə çox vaxt reallığı əks etdirmir. Yəni, ən yaxşı halda 6-7 turdan sonra komandaların turnir cədvəlində sıralamasına qiymət vermək mümkün olur. Ancaq “Xəzər Lənkəran” uzun illərdən sonra turnir cədvəlinin yuxarı pilləsində möhkəmlənə bilər.

 

CAS-dan xoş xəbər almayan “Xəzər Lənkəran” Premyer Liqaya itkilərlə başladı. Vüqar Nadirov, Ruslan Abışov, Vaqif Cavadov və digər yeni futbolçuların ilk turlarda komandaya kömək edə bilməməsi baş məşqçi Yunis Hüseynova çətinlik yaratdı. Lakin “İnter” üzərindəki qalibiyyət Lənkəran klubu üçün böyük üstünlük oldu. “Xəzər Lənkəran” gələn tur səfərdə “Sumqayıt”, sonra isə evdə “Rəvan”la qarşılaşacaq. Aydın məsələdir ki, Yunis Hüseynovun komandası hətta itkililərlə də, bu rəqiblərin öhdəsindən gəlməyə qadirdi. “Xəzər Lənkəran” bu oyunlardan yaxşı nəticələrlə ayrılsa, 4-cü turda azarkeşlər tam başqa komanda görəcəklər.

 

Məsələ burasındadır ki, sentyabrın 1-dən etibarən “Xəzər Lənkəran” yeni transferlərini sifariş vərəqəsinə əlavə edə biləcək. Bu isə o deməkdir ki, sentyabrın 12-də keçiriləcək Premyer Liqanın 4-cü turunda, “Xəzər Lənkəran” “Qarabağ” qarşısına güclü heyətlə çıxacaq. Yunis Hüseynovun komandası üçün vacib olan odur ki, avqustun ayını minimum itkilərlə başa vursun. İlk turdakı qələbə və təqvimin əlverişli olması Lənkəran klubunun işinə yaraya bilər. Sonrası ilə qalır yeni gələn futbolçuların ustalığına!

 

Sportal.az  

Xəbər xətti