Jurnalistin ölümünə səbəb - "Semaşko" YAZI

12:03 - 12 Avqust 2015

Günah həmişə öləndə olmur

 

Əslində, bu yazını yazmaq mənim üçün çox çətindir. Həmkarımız Rasim Əliyevin döyülməsi və sonrasında onun 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzdə (Somaşko) dünyasını dəyişməsi çox ağır oldu. Jurnalist peşəsinə, bu işi görənlərə və həvəsində olanlara böyük zərbə idi. Ortada bir cinayət var. Amma ondan da əsas böyük bir səhlənkarlıq var. "Semaşko" deyilən o yerə nifrətim, kinim bu gün daha da artmış durumdadır.

 

.. 2009-cu ilin dekabr ayı. Həyatımı alt-üst edən yer yenə Semaşko xəstəxanası oldu. 8 aylıq ailəmin sonu, 7 aylıq hamilə yoldaşımın bətnində körpə ilə dünyasını dəyişməyi və mənim də yaşarkən "ölməyim"...

 

Ordakı həkim məsuliyyətsizliyindən, qəpik-quruş davasından çox yaxşı xəbərdaram. SAVADSIZ həkim çoxluğunun olmasından da. İnsan həyatının heç bir əhəmiyyətinin olmamasından da. Rasimin döyülməsi qəbuledilməz idi. Amma onun ölümünə göz yuman həmkarımızı döyənlərlə yanaşı, səhiyyə sistemində çalışanlar da var. Bilirəm, müxtəlif bəhanələr gətiriləcək, həkimlərimizin əllərindən gələni əsirgəmədiyini də deyəcəklər. Nə faydası? Günah həmişə öləndə olmur, cənəbalar! Onu öldürəndə, buna səbəbkar olanlarda da olur!

 

Bəli, məhz səhiyyəmizin bu halında olduğunu, sabah qarğış yeri, tənqid hədəfi olmamaq üçün Azərbaycan Tibb Universitetini 7 il oxumağıma, həkim-kardioloq diplomumu evin heç vaxt tapmayacağım bir küncünə tullamağıma (bəli, məhz tullamağıma) görə peşman deyiləm. İndi vəziyyət bu ikən, qələmimizi də kənara tullayaq?

 

İlkin BABA / Premyer.az

Xəbər xətti