"Bir neçə şəxsə müraciət olunsa da, onlar klub saxlamaq gücündə olmadıqlarını bildirdilər" MÜSAHİBƏ

13:00 - 14 Avqust 2015

"Əgər belə bir imkan verilməsə, onda mən də burada olmayacağam"
 
AFFA İcraiyyə Komitəsinin qərarı ilə yaradılmış "Zaqatala Peşəkar Futbol Klubu" İctimai Birliyinin sədri Musa Qurbanovun Sportal.az-a müsahibəsi
 
- Komanda məşqlərə başlayıbmı?
- Şaban müəllim yerli uşaqlara məşq keçir. Stadion rəhbərliyi uşaqların məşq eləməsinə imkan yaradıb. Sadəcə sənədləşmə məsələsi qalır ki, artıq komanda bir yerə toparlansın.      
 
- “Zaqatala” klubun sənədləşmə işlərini yoluna qoya bilmisiz?
- Demək olar ki. bütün sənədlər hazırlanıb. Sadəcə Ədliyyə Nazirliyindən hələ keçməyib. Yəqin ki, ayın sonuna qədər bütün məsələlər həlllini tapacaq.
 
- Komandaya sponsor tapmısınız? 
- Bölgələrdə futbolun inkişafıyla bağlı bu təşəbbüs AFFA tərəfindən gəlib. Bu məsələdə komandaya Regional Futbol Federasiyası dəstək verəcək. Bilirsiz ki,  “Zaqatala”  klub olaraq İctimai Birlik kimi fəaliyyət göstərəcək. Yazırlr ki, “Zaqatala”ya kimlərsə sponsorluq edəcək. Orada bir neçə adamın adı hallansa da, yazılanlar həqiqəti əks etdirmir. Maliyyə dəstəyi vermək məqsədiylə bir neçə şəxsə müraciət olunsa da, onlar klub saxlamaq gücündə olmadıqlarını  bildirdilər. Ola bilsin ki. nə vaxtsa komandaya dəstək olsunlar. Ancaq indiki məqamda komandaya maliyyə buraxmaq fikrində deyillər. 
 
- Zaqatala rayon icra hakimiyyətiylə görüşə bilmisiz. İcra başçısı komandaya nə kimi köməklik edəcək?
- AFFA-dan demişdilər ki, Müşahidə Şurasında İcra hakimiyyətindən bir nəfər təmsil olunmalıdır. İcra başçısıyla görüşdüm, onlar da bir nəfər üzv olaraq namizədin adını verdilər. İcra başçısıyla danışıqlarda komandaya kömək məqsədiylə söhbət olmadı. Onlar futbola maraq göstərirlər, ancaq maddi tərəfdən dəstək verməyə imkanları yoxdur. Çünki büdcəyə gələn pullar təyinat üzrə gəldiyi üçün komandaya kömək edə bilmirlər. Icra başçısıyla söhbətdə əsasən stadion məsələsinə toxundum. Bizə lazımdır ki, stadionun xərcləri komandaya ayrılan maliyyədən yönəlməsin. Bu işdə icra hakimiyyətinin kömək etməsini xahiş etdim. Onlar dəqiq bir söz demədiyinə görə, bu məsələ hələ açıq olaraq qalır. Açığı, stadionun da xərcləri az deyil. Hazırda borca görə qazı və suyu kəsiblər. Stadion rəhbərliyi hələ ki, təmannasız  meydançalardan istifadə etməyə razılıq verib. Elxan müəllim söz verib ki, stadion problemini həll etməyə çalışacaq.
 
- Komandayla bağlı başqa nə problemlar var?
- Ən böyük problem futbolçudur. Yəni, yerli oyunçu tapmaq olmur. “Simurq”un əvəzedici heyətində oynayan 5-6 yerli uşaq olub. Onları da baş məşqçi Rövşən Babayev özüylə aparıb “Rəvan”a. Əsasən də aşağı divizonda problem yaş limitidir. 1994 və ya 95-ci il təvəlüdlü futbolçular tapmaq çətindir. Hərçənd Şaban müəllim bu məsələylə məşğul olur, ancaq belə futbolçular azdır. 
 
- “Simurq”dan gedənləri geri qaytarmaq mümkün deyil?
- Bu komanda fəaliyyətini dayandırandan sonra cavan futbolçular boşda qaldılar. Maliyyə vəziyyəti yüksək olmayan klublar indi əsas yerli oyunçulara üstünlük verir. Həmin oyunçuların bəziləri AZAL-a digərləri də “Rəvan”a keçdi. İndi biz çalışacağıq ki, Premyer Liqada klublarında oynamayanları icarə əsasıdnda komandaya gətirmək istəyirik.
 
- “Zaqatala”nın qarşısına il mövsümdə nə məqsəd qoyulacaq?
- Əvvəl komandanı formalaşdırmaq lazımıdr. Yəni ilk mövsümdə sağlam kollektiv və döyüşkən komanda qurmaq istəyirik. “Zaqatala” aşağı dəstədə rəqabət apara bilcək bir komanda olmalıdır. Yaxın iki ildə hədəf yüksək dəstədə təmsil olunmaqdır. Mənim istəyim odur ki. “Zaqatala” Premyer Liqaya vəsiqə qazansın. Əgər belə bir imkan verilməsə, onda mən də burada olmayacağam.  Sözsüz kİ. komandanın çıxışı yaradılan şərait və maliyyə vəziyyətindən asılıdır. Bəzi məsələlər yoluna qoyularsa, komanda aşağı dəstədə uğurlu çıxış edə bilər.

Xəbər xətti