Orxan Sadıqlı: "Ən azı bu mövsümü ilk 3-lükdə bitirmək istəyirik"
"Xəzər Lənkəran"ın gənc qolkiperi Orxan Sadıqlının Sportal.az-a müsahibəsi
- "İnter"lə oyunda qələbə qazanaraq mövsümə vacib 3 xalla başladınız...
- Çempionatın ilk turu olduğu üçün "İnter"lə oyunun çətin olacağını bilirdik. Rəqibimiz də yaxşı komanda formalaşdırmışdı. Amma biz azarkeşlərimiz qarşısında oynayırdıq, qələbə istəyimiz daha çox idi. Oyundan əvvəl də qələbə həzmi ilə meydana çıxmışdıq. Artıq bu oyunu unudub qarşıdakı "Sumqayıt"la oyuna hazırlaşmışıq.
- Ötən mövsümü zədəli keçirdin. Bu mövsüm ilk oyununda özünü yaxşı tərəfdən göstərə bildin. Bu çıxışını sona qədər davam etdirə biləcəksən?
- Keçən mövsümdə karyeramda bəlkə də olmayacaq zədələr aldım. Bir zədəmi sağaltmamış yenə zədələndim. Amma şükürlər olsun, bu il yaxşı bir təlim-məşq toplanışı keçdik. Əvəzedici heyətdə oynadığım zaman qapıçı məşqçim Vidadi müəllimin yenidən əsas komandada olmağı mənim üçün böyük şansdır. O bizim zəif və güclü tərəflərimizi daha yaxşı bilir. Zəif tərəflərimizi düzəltməyə bizə çox xeyri olacaq. Başa düşürəm ki, komanda yeni qapıçı alıb, rəqabətimiz dostcasına baş tutur. 3 qapıçı arasında əlimə düşən şansdan maksimum yararlanmaq istəyirəm. "Xəzər Lənkəran" kimi komandanın əsas heyət oyunçusu olmaq başqa hisslərdir və bütün ciddiyətimlə bunun üçün çalışıram.
- Komandanın yeni qolkiperi Pavel Kapsa ilə rəqabət səni çəkindirmir?
- Kapsa Azərbaycan çempionatında oynamış güclü qapıçılardandır. Ondan çox şeylər öyrənirik. Rəqabətimiz öz yerində, həm də çox yaxşı insandır. İnanıram ki, onun gəlişi komandamıza xeyir verəcək. Hər üç qapıçı, mən, Kapsa və Tərlan Qasımzadə komandamız üçün əlimizdən gələni edəcəyik.
- Yeni transferləriniz məlum səbəblərə görə, ilk 3 turu buraxmalıdır.Aİlk turda gənclərlə oynayıb qələbə qazandınız. Bu iki turda onların yoxluğu nə dərəcədə təsir edəcək?
- Əlbəttə, yeni transferlərin hamısı güclü futbolçulardır. Bu bizləri sevindirir, artıq 3 turdan sonra komanda daha da güclənəcək. "İnter"lə oyunda sübut etdilər ki, onların yerinə oynayan futbolçular bu boşluqları doldurur. Komandada hər bir futbolçumuz bu işin ciddiyətini başa düşür, qarşıdakı iki oyunda da qələbə qazanmağı qarşımıza məqsəd qoymuşuq.
- İki gün sonra "Sumqayıt"la sizi səfər oyunu gözləyir...
- "Sumqayıt" artıq 3 ildən çox eyni yerdə oynayan yaxşı futbolçulara malik bir komandadır. Bu qarşılaşmada da əzmkarlıq göstərib 3 xal qazanmaq istəyirik. Biz bu qarşılaşmada qələbə qazanmaq gücündəyik. Ancaq bizi çox çətin oyun gözləyir.
- İki ardıcıl mövsümdə "Xəzər Lənkəran" heç nə ilə yadda qala bilmədi. Bu mövsüm komandanın əsas hədəfi nədir?
- Artıq biz də titullar qazanıb avrokuboklarda çıxış etmək istəyirik. Bu mövsüm yüksək yerlərdən birini qazanacağımıza inanıram. Komandamız yeni olsa da, hər kəsin əlindən gələnin yaxşısını edəcəyinə əminəm. Ən azı bu mövsümü ilk 3-lükdə bitirmək istəyirik. Bu yolda azarkeşlərimizə də ehtiyacımız var. Hər oyun onların dəstəyi bizi qələbəyə daha da ruhlandırır. Ümid edirəm, onlar da son qədər yanımızda olacaq.
saytlarin hazirlanmasi