"Yanq Boyz"un kapitanı: "Qarabağ"la matç bizə baha başa gələ bilər" MÜSAHİBƏ

11:25 - 15 Avqust 2015

"Heç kim düşünməsin ki, biz zəifləmişik"
 
Avropa Liqasının “play-off” mərhələsində “Qarabağ”ın rəqibi olan İsveçrənin “Yonq Boyz” klubunun kapitanı Stiv von Bergen “Qafqazinfo”ya müsahibə verıb.
 
Sportal.az müsahibəni təqdim edir:
 
- Avropa Liqasının “play-off” mərhələsinin püşkatması size sevindirdi, yoxsa…?
- Fikrimcə, asan komanda ilə qarşılaşmayacağıq. Daha zəif rəqiblər düşə bilərdi. “Qarabağ”la matçı səbrsizliklə gözləyirik. 
 
- “Qarabağ” haqqında nə düşünürsüz? 
- “Qarabağ” texniki futbola üstünlük verən komandadır. Onlar topla gözəl davranır və qol vurmağı bacarırlar. Ehtiyatlı olmalıyıq, yoxsa bu, bizə baha başa gələr.
 
- Rəqibiniz haqqında tam məlumatınız var?
- Bilirəm ki, bu komanda Azərbaycan çempionatında son 2 mövsümün qalibidir. Ötən il Avropa Liqasının qrup mərhələsində layiqli mübarizə aparıb və güclü rəqiblərinə qarşı inamlı oyun göstərib. Hətta qrupdan çıxmaq şansları da olub. Amma məlum məsələlərə görə 1/16 mərhələsinə gedə bilmədilər. Bu mövsüm Çempionlar Liqasında “Seltik”ə qarşı keçirdiyi matçları izlədim. Fikrimcə, Avropanın adlı-sanlı klubuna qarşı “Qarabağ” əla oyun göstərdi.
 
- Azərbaycan komandası ilə oyunun hazırlıqlarına nə zaman başlayacaqsız və rəqibi analiz etmisiz?
- Yox, dərindən analiz etməmişik. Gələn həftə hazırlıqlara başlayacağıq və analiz edəcəyik.
 
- Azərbaycan futbolu haqqında bildiyiniz nəsə var?
- Milli komandanızın matçlarından xəbərdaram. Daha doğrusu, Robert Prosineçkinin orda işləməsindən. Bu, sizin üçün yaxşıdır. Amma şəxsən heç vaxt Azərbaycan komandalarına qarşı oynamamışam.
 
- Şansları necə dəyərləndirirsiz?
- Heç nə demək istəməzdim. Həmişə deyildiyi kimi, futbolda şanslar hər zaman 50-50-yədir.
 
- Ölkə çempionatının son oyununda “Luqano”ya 0:1 məğlub oldunuz. Bu matç Avroliqadakı oyunlara təsir edə bilər? Ümumiyyətlə “Yonq Boyz”un əvvəlki gücündə olmadığını iddia edənlər də var…
- Heç kim düşünməsin ki, biz zəifləmişik. Əksinə daha yaxşı oynayırıq. Son oyunda məğlub olsaq da, hər halda matçı gördünüz. Bəxt bizim tərəfimizdə olsaydı, böyük hesabla qalib gələrdik.
 
- İlk oyun Berndə olacaq. Bu sizing üçün, yoxsa “Qarabağ” üçün üstünlük sayıla bilər?
- Bunun önəmi yoxdur. Futbolda hər şey baş verə bilər. Ona görə də əsas odur ki, 180 dəqiqənin və ya daha əlavə 30 dəqiqənin sonunda sevinən tərəf olasan.
 
- Rəqibinizin heyətində tanıdığınız futbolçu var?
- Yox. Şəxsən tanıdığım kimsə yoxdur. Amma heyətə baxınca müxtəlif ölkələrdən legionerlərin oynadığı diqqətimi çəkdi. 
 
- “Seltik”lə matçlarda hansı futbolçu diqqətinizi çəkdi?
- Rəqibimizin bütün oyunçularına hörmət edirik və hamısının güclü olduğunu düşünürük. 

Xəbər xətti