"Neftçi" azarkeşləri niyə Elnur Məmmədovu istefaya çağırırlar? QEYD

10:54 - 18 Avqust 2015

"Flaqman" niyə bu gündədir?

 

Ötən gün “İnter”ə məğlubiyyətdən sonra “Neftçi” azarkeşləri etiraz ediblər, istefa şüarları səsləndiriblər. Bu etiraz futbolçulardan başlayaraq məşqçilər korpusuna qədər hamıya yönəlib. Ancaq ən əsası klub rəhbərliyinə. Çünki klubda işlər qaydasında getmirsə, bir nömrəli cavabdeh rəhbərdir.

 

Lakin “Neftçi”də istefa şüarları klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayevə deyil, icraçı direktor Elnur Məmmədova qarşı səsləndirilib. Heç kimə sirr deyil ki, Çingiz Abdullayev “Neftçi”dəki işindən məmnun deyil və son zamanlar çox az-az görünür. Çingiz bəy savadlı adamdı, bu gedişlə illərdi topladığı hörməti “Neftçi”də xərcləyəcəyini tez sezdi. Ona görə də, geri çəkildi və klubun idarəçilyi tamamilə Elnur Məmmədovun əlinə keçdi.

 

Elnur Məmmədovun azarkeşlərin qınağına tuş gəlməsi, nə sifariş, nə qərəzdi. Yəni, görünən kəndə bələdçi gərək deyil. İllərdir Azərbaycan futbolunda favoritlərdən sayılan “Neftçi” indi açıq-aşkar autsayderdi. Bəli, Elnur Məmmədov cavab verməlidir. “Neftçi” niyə bu gündədi?

 

“Neftçi” kimi böyük klubu Elnur Məmmədova həvalə etmək yanlış addım idi. Ancaq AFFA-nın baş katibi Elxan Məmmədov bunu da etdi. Nəticə isə göz önündədir. Axı, futbol idarəçilyində heç bir təcrübəsi, heç bir çəkisi olmayan bir adamı belə əhəmiyyətli posta necə əyləşdirmək olardı? Adam “Neftçi”yə gələndən bəri haqqında bir xoş söz belə eşidən olmayıb. Hətta klubun daxilində də, Elnur Məmmədovun bu sahədə naşı olduğunu, klubu idarə etmək bacarığında olmadığını deyənlərin sayı az deyil.

 

İndi azarkeşlər haqlı olaraq tələb edirlər ki, Elnur Məmmədov çıxsın və cavab versin, “Neftçi” bu hallara necə düşdü?

 

Digər tərəfdən baxanda da, nə danışsın Elnur Məmmədov? Necə desin ki, səriştəm çatmır? Necə desin ki, bacarığım hesabına yox, dostum Elxan Məmmədovun hesabına gəlib oturmuşam bu kürsüyə?

 

Bu gedişlə “Neftçi” azarkeşlərinin istefa şüarları çox səslənəcək. Ancaq düşünməyin ki, Elnur Məmmədov istefa verəcək. Əsla mümkün deyil. Bir müddətdən sonra bütün günahları baş məşqçi Samir Əliyevin üstünə atıb, onu istefaya göndərəcəklər. Daha sonra Samir Əliyevin yerinə gələn məşqçi gedəcək, sonra həmin adamın yerinə gələn. Və istefalar ardıcıllığı bu şəkildə hələ çox davam edəcək...

 

SPORTAL.AZ

Xəbər xətti