"Onun zəhmətini klubda məsul vəzifələrdə çalışan şəxslər heç edirlər"
"Rəvan"ın sabiq məşqçisi Müşviq Qənbərovun Sportal.az-a müsahibəsi
- "Rəvan"dan ayrılmağına səbəb nə oldu?
- Açığı, səbəbini özüm də bilmirəm. Heç olmasa bir soruşan olmadı ki, indiyə kimi komanda üçün nə etmisən?. Ayrılmağın da öz mədəni yolları var. “Rəvan”da futbol oynamışam, komandanın kapitanı olmuşam. Onda komanda Premyer Liqaya vəsiqə qazandı. Əvvəl əvəzedici heyətdə, sonra da əsas komandada köməkçi məşqçi işləmişəm. Burda 5 il çəkdiyim əziyyətə görə mənə bir quru “sağ ol” deyən də olmadı. Klub rəhbərliyindən heç kim mənimlə görüşmədi. Ancaq saytlardan işdən ayrıldığımı xəbər tutdum.
- Özün də işdən ayrılmağının səbəbini araşdırmadın?
- Mən səbəbini öyrənmək istəsəm də, bir şey əldə edə bilmədim. Vitse-prezident İlqar Axundov, idman direktoru Füzuli Əliyev və Bəhmən Həsənov barədə danışmaq istəmirəm. Onları hamı yaxşı tanıyır və “Rəvan”da necə işlədiyini də bilirlər.
- Belə çıxır ki, "Rəvan"a xərclədiyin 5 ilin boşa getdi və sonda da səninlə belə vidalaşdılar...
- Mən deməzdim ki, illərim boşa getdi. Hardasa işlədiyim müddətdə məşqçi təcrübəsi qazandım. Bir söz deyim ki, klub rəhbərliyi mənə qarşı konkret olaraq haqsızlıq etdi. “Rəvan” Premyer Liqada oynayacağı halda məşqçilər korpusunda dəyişiklik baş verdi. Baş məşqçi Emin Quliyev və köməkçisi Rövşən Babayevə gələcək işində uğurlar arzulayıram. Onların hər ikisylə münasimətim yaxşıdır. Mənə qarşı haqsızlığı İlqar Axundov, Füzuli Əliyev və Bəhmən Həsənov etdi. Bu insanlar bilirsiz məni nəyə görə sevmirdilər? Çünki mən haqsızlıqlara göz yuma bilmirdim və onların iç üzünü açırdım. “Rəvan”da bölgələrdən gələn 5 futbolçu klubun bazasında qalırdı. Həmin uşaqlara yemək verilmədiyinə görə dəfələrlə onları məşqdən azad etmişəm. Bu məsələni klubun prezidentinin yanında İlqar Axundov, Füzuli Əliyev və Bəhmən Həsənovun üzünə demişəm. Ona görə də onlar məni sevmirlər. Hər halda çəkdiyim 5 illik əziyyətin müqabilində rəhbərlik mənə klubda bir iş verə bilərdi.
- “Rəvan”dan ayrılandan sonra təklif almısan?
- Hələ ki, elə bir təklif yoxdur. Özüm də işlə bağlı maraqlanmışam. Elə bir vaxtda məni işdən azad etdilər ki, bütün klublrda yerlər doludur. Premyer Liqada 10 komanda mübarizə aparır və hamısında da məşçilər işləyir. Mən də hansısa komandada işləyən məşqçinin yerinə getmək istəmərəm. Çünki belədə kiminsə çörəyinə bais olaram. Yalnız məşqçi postu boş olarsa, razılaşaram.
- Bu işsiz günündə səninlə maraqlananlar və zəng edənlər varmı?
- Sağ olsunlar yaxın dostlar əlaqə saxlayırlar. Onlar da hər dəfə təkliflar alıb-almadığımı soruşurlar. Çətin anlarda insana dost və yaxınlar dəstək olurlar. Onlar məni darıxmağa qoymur və tez-tez əlaqə saxlayırlar. Hamısına da öz təşəkkürümü bildirirəm. Düzü, köhnə nömrələrimi hirsimdən qırıb atdım. Ancaq işləyəndə telefonum susmaq bilmirdi. Birdə görürdüm ki, illərlə əlaqə saxlamayanlar mənə zəng edirdilər. Belə çətin anlarda insan yaxşını-pisdən ayırır. İlqar Axundov, Füzuli Əliyev və Bəhmən Həsənov kimi insanlarla bir yerdə işləməkdənsə, elə işləməmək yaxşıdır. Bütün futbol ictimaiyyəti onların işlərini necə icra etdiyini yaxşı bilirlər. Təəssüflər olsun ki, yalnız klubun fəxri prezidenti Nuru Əliyev bunu bilmir. Onda komanda məşq edərkən İlqar Axundov meydançaya ayaqqabıyla daxil olursa, buna nə ad vermək olar. Daxili iclasda vitse prezidentin məşqçilərə və futbolçulara qarşı hörmətsizlik etdiyini bildirdim. Əslində ayaqqabı ilə meydançada gəzişmək futbolun adına təhqirdi. Burda nə pis var ki? Düz danışdığıma görə indi qalmışam kənarda.
- Çoxları “Rəvan”ı qeyri-ciddi klub kimi qəbul edirlər. Sən də bununla razılaşırsan?
- Mən işlədiyim vaxtılarda da komandada tez-tez məşqçi dəyişikliyi olurdu. Bunu mən doğru hesab etmirəm. Çünki, məşqçi dəyişikliyi komandanın xeyirinə deyil, ziyanına işləyir. Əfsuslar olsun ki, bu işlərdə də klubun rəhbərliyində çalışanların yarıtmaz işidir. Təəssüf edirəm bir insana, o da klubun fəxri prezidenti Nuru Əliyevə. Çünki klubun rəhbər vəzifəsində çalışanlar öz yerlərində deyillər. Nuru Əliyev neçə illərdi futbola yatırım edir və klub üçün baza tikdirir. Bu insan öz cibindən pul xərcləyir, lakin onun zəhmətini klubda məsul vəzifələrdə çalışan şəxslər heç edirlər. İlqar Axundov “Ford Nissan” firmasında çalışırdı, sonra kluba vitse-prezident təyin olundu. Onun futbola heç bir aidiyyatı yoxdur. Əgər bir insan ki, meydançaya ayaqqabı ilə daxil olur və futbolçulara tolkuçkadan lasin alırsa, buna heç sözüm yoxdur. Əslində o, üzərinə düşən vəzifəni yerinə yetirmir, başqa işlərlə məşğul olur. Klubun məsul vəzifələrində peşəkarlıqdan uzaq insanlar çalışırlar. “Rəvan”dakı 5 illik əziyyətimi klubun prezidenti Nuru Əliyevə görə halal edirəm.
- Gələcək planlarınla bağlı nə deyə bilərsən?
- Hələ ki, gözləmə mövqeyindəyəm. Sözsüz ki, mənə də bir iş tapılacaq. Buna qədər məşqçi köməkçisi kimi işləmişəm. Yəqin ki, qısa zamanda mənə də bir təklif gələr.
saytlarin hazirlanmasi