Qriqorçuk: "Qrupumuzdakı bütün komandalar avtoritetli və güclüdülər"

18:19 - 28 Avqust 2015

"Necə məlumat toplamalı olduğumuzu da bilirik"
 
"Qrupumuzdakı bütün komandalar avtoritetli və güclüdülər. Onların hər biri hörmətə layiqdilər".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Report"a "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.
 
Ukraynalı mütəxəssis Avropa Liqasının C qrupunda "qırmızı-qaralar"ın rəqiblərini dəyərləndirib. O bildirib ki, Almaniyanın "Borussiya" (Dortmund), Yunanıstanın PAOK və Rusiyanın "Krasnodar" klubları barədə məlumat toplamaq problem deyil: "Hazırda şəxsən mənim üçün və bizə istənilən rəqib haqda informasiya toplamaq asandı. Necə məlumat toplamalı olduğumuzu da bilirik. Hər bir rəqib barədə tam məlumatlıyıq. Ona görə bu sarıdan problemimiz yoxdu".
 
50 yaşlı mütəxəssis rəqiblərdən hansı ilə erkən qarşılaşmağın önəmli olmadığını da vurğulayıb. O, bütün rəqibləri səbirsizliklə gözlədiklərini bildirib: "Hazırda bütün diqqətlərimiz aralıq müddətdən yaxşı istifadə etməyə, durumumuzu yaxşılaşdırmağa, ustalığımızı artırmağa yönəlib. Ardından Bakı "İnter"i ilə Azərbaycan Premyer Liqasının IV tur matçına çıxacağıq. Yalnız bunlardan sonra Avroliqa barədə danışacağıq. Bizim üçün ilk turda kiminlə üz-üzə gəlməyin önəmi yoxdu. Onsuz da dekabradək hamı ilə üz-üzə gələcəyik".
 
Qriqorçuk, həmçinin transfer pəncərəsi bağlananadək daha bir futbolçu ilə güclənmək niyyətində olduqlarını diqqətə çatdırıb. 

Xəbər xətti