Ramiz Məmmədov: "Qazaxıstanda heç bir klub maliyyə cəhətdən problem yaşamır" MÜSAHİBƏ

13:50 - 31 Avqust 2015

"Qəbələ", onsuz, gec-tez Avropada öz sözünü deyəcəkdi, bu da Qriqorçukun vaxtında gerçəkləşdi" 
 
"Qəbələ"nin sabiq baş məşqçisi Ramiz Məmmədov Sportinfo.az-a müsahibə verib.
 
Sportal.az həmin müsahibəni təqdim edir: 
 
- Müxtəlif vaxtlarda iki dəfə bu komandanı üst-üstə 5 il çalışdırmısız. Əksər mütəxəssislər «Qəbələ»nin Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmasını sensasiya hesab edir. Siz necə, bu uğuru gözləyirdizmi?
- Əvvəlcə, başda Tale müəllim olmaqla, klubun rəhbərliyini, məşqçi futbolçularını, azarkeşləri təbrik edirəm. Bir uğurun əsası özülün necə qoyulmasından asılıdı. «Qəbələ» yarandığı gündən Tale Heydərov bir prezident kimi daim klubun inkişafına çalışıb. O, kluba ildən-ilə daha yaxşı şərait yaradıb. Nəticə yetişirdi. «Qəbələ», onsuz da, gec-tez Avropada öz sözünü deyəcəkdi. Bu, Qriqorçukun vaxtında gerçəkləşdi. Təbii ki, bunda baş məşqçinin əziyyəti danılmazdı. 
 
- Roman Qriqorçuk ilin əvvəlində işə başlayanda vəziyyət heç də yaxşı deyildi. «Qəbələ» Premyer Liqaya qaldığı yerdən uğurlu start verə bilmədi, ardıcıl bir neçə uğursuz oyun keçirdi. Belə bir dönəmdə ukraynalıya ictimaiyyətdən, mətbuatdan və həmkarlarından çox az dəstək gəldi. Maraqlıdı ki, siz o vaxt Qriqorçuku dəstəkləyən azsaylı mütəxəssislərdən biri idiz.
- Özünüz dediz ki, biz həmkarıq. Həmkar həmkarını həmişə dəstəkləməlidi. İstər yaxşı, istər pis gündə. Mənim fikrimcə, istənilən məşqçiyə işə başladığı klubda ən azından 2 il vaxt verilməlidi. Qriqorçuk qışda bura yeni gəlmişdi, görüləsi işi çox idi. Bilirsiz ki, mən «Qəbələ»yə simpatiyamı heç vaxt gizlətməmişəm. Bu klubu özümə doğma bilmişəm. Qriqorçukun yerində kim olsaydı, mən fərq qoymadan ona da mənəvi dəstək verəcəkdim. Klubun adı «Qəbələ»di, mənim onlara münasibətim başqa cür də ola bilməz. «Qəbələ» bu gün Avroliqanın qrup mərhələsindədi və deməli, məşqçiyə etimad qarşılıqsız qalmayıb. Baxmayaraq ki, Qriqorçuk çox çətin dönəmdə komandanı təhvil almışdı, klub rəhbərliyi ilə birgə bugünlərə yetişdi. Bir daha «Qəbələ»ni və «Qarabağ»ı təbrik edirəm.
 
- «Qəbələ» qrup mərhələsində çox güclü rəqiblərlə üz-üzə gələcək. Necə düşünürsüz, komanda növbəti sensasiyanın öhdəsindən gələ bilərmi?
- Kollektivin içində olmadığımdan, baş məşqçinin və futbolçularının nə fikirləşməsini bilmirəm. Sözsüz, rəqiblərin hamısı Avropada tanınmış və güclüdü. Çətin olacaq. Ancaq yenə də ümidimizi itirməməliyik. Tale müəllimin özü də bildirib ki, hazırda əsas vəzifə Azərbaycanın idman şərəfini layiqincə qorumaqdı. «Qəbələ» qruplara bir-birindən güclü rəqibləri mübarizədən kənarlaşdıraraq vəsiqə qazandı. İnanıram ki, komanda qarşıdakı oyunlarda da Azərbaycanı sevindirməyə davam edəcək.
 
- «Qəbələ» ilə bərabər, «Qarabağ» da qrup mərhələsində qüvvəsini sınayacaq. Pley-offda «Yanq Boyz»u darmadağın edən Ağdam klubundan gözləntiləriniz nədən ibarətdi?
- «Qarabağ» Qurban Qurbanovla bu səviyyəyə çatıb. Onlar ötən il də qrupda oynayıblar. İndi Avroliqa təcrübələri daha çoxdu. Bayaq dediyim kimi, məşqçiyə vaxt verilməlidi ki, o, istədiyi komandanı formalaşdırsın. Qurban müəllim 7 ildi «Qarabağ»dı və ildən-ilə daha yaxşı nəticələr qazanır. Son 3-4 ildə demək olar əsas heyətin «onurğa situnu»nu qoruyublar, bu da sabit çıxışın əsas səbəblərindən biridi. «Tottenhem», «Monako» və «Anderlext»in olduğu qrupda «Qarabağ»ı ağır mübarizə gözləyir. Mən yenə Qurban Qurbanovun komandasına baxımlı futbol oynadacağına, asanlıqla təslim olmayacağına və yaxşı nəticələr qazanacağına ümid edirəm.
 
- Bu il Avroliqada türk klublarının sayı kifayət qədərdi. «Qalatasaray» isə Çempionlar Liqasında vaxtilə çalışdığınız Qazaxıstanı təmsil edən «Astana» ilə bir qrupda yer alıb. Ümumiyyətlə, Qazaxıstanın klub futbolunda belə sıçrayış etməsi sizi təəccübləndirmədi ki?
- Qətiyyən! Qazaxıstanda futbola dövlət səviyyəsində diqqət və qayğı var. Demək olar bütün klubları dövlət qurumları və qubernatorlar tərəfindən himayə olunur. «Astana» yeni yaranıb. Amma maliyyə dayaqları güclüdü. Ümumiyyətlə, bu ölkədə heç bir klub maliyyə cəhətdən problem yaşamır. Qazaxıstandan 4 ilə yaxındı ayrılmışam. Hələ o vaxt müsahibələrimdə dəfələrlə demişdim ki, qazaxlar avrokuboklara ciddi önəm verir, nəticə də qazanacaqlar. 
 
- "Astana"nı ÇL-ə yüksəldən Buarjan Colciyev oldu. O, pley-off qarşılaşmalarında APOEL-ə həm qol vurdu, həm də məhsuldar ötürmə verdi. Mən bunu ona görə xatırladıram ki, Colciyev «Atırau»da rəhbərliyiniz altında oynayıb.
- Mən «Atırau»ya gələndə Colciyevi digər 6 futbolçu ilə bərabər komandadan göndərmişdilər. Onları geri qaytara bilmədik. Disklərdə baxdığım oyunlarda ən çox xoşuma gələnlərdən biri isə o idi. Təkid etdim ki, Colciyevi qaytarmaq lazımdı. O, mənə «limitçik» kimi də lazım idi. Qazaxıstan çempionatında reqlament belədi: əsas heyətdə mütləq 6 yerli oynamalı, onlardan da birinin yaşı 21-dək olmalıdı. Rəhbərlik Colciyevdən əlini üzmüşdü. Mənə çox deyirdilər ki, o, nizam-intizamsızdı, işinə peşəkar yanaşmır, komandada ab-havanı korlayır. Dedim, çağırın gəlsin, mən onu düzəldəcəm. Türkiyə toplanışında qoşuldu komandaya. Geniş söhbət elədim onunla, dedim, sən bu mövsüm özünü göstərməlisən, yaxşı oyna, maaşını da artıracam. Yoxlama oyunlarında mənə deyilən futbolçudan əsər-əlamət qalmamışdı. Çempionatın ilk dövrəsində də ən yaxşılardan biri idl. «Atırau»da biz onu ikinci dəfə böyük futbola qaytardıq. Tezliklə gənclər yığmasına düşdü, ordan isə əsas milliyə dəvət aldı. Hələ bizdə oynayanda bütün ölkə ondan danışmağa başlamışdı. Açığı, «Atırau»dan istefa verməyimin bir neçə səbəbindən biri də Colciyevlə bağlıdı. Rəhbərlik onu dövrələrarası fasilədə gizlicə «Tobol»a satdı. Yaşı limitə və çempionatın səviyyəsinə uyğun gələn başqa futbolçum yox idi. «Ordubası» onlardan götürdüyüm Olimpiya yığmasının 2 futbolçusunu da son anda bizdən geri aldı. Rəhbərliyə çox dedim ki, Colcıyev mənə lazımdı, satışdan imtina etmədilər. Üstəlik, söz verdikləri oyunçuları da almadılar. Azı, 4 nəfəri demişdilər ki, alacağıq. Vəziyyəti belə görüncə, qətiləşdirdim ki, burda qala bilmərəm. Qubernator iki-üç dəfə mənimlə görüşdü, fikrimdən daşındırmağa çalışdı, istefa ərizələrimi qəbul etmədi, yenə də müqaviləni birtərəli pozdum. Mən öz prinsiplərimi 450 min dollara qurban verə bilməzlim. Məndən komandanı «altılığ»a salmağımı istəmişdilər. Biz bəribaşdan razılaşmışdıq ki, heyəti gücləndirməliyik. Əksini etdilər. Komandanın bütün aparıcı oyunçularını götürüb satdılar. Qaldım təcrübəsiz gənclərin və heç kimə lazım olmayan yaşlı, zədəli futbolçuların ümidinə. Birtəhər heyət yığsam da, rəhbərliyin dövrələrarası fasilədə yenə vədini yerinə yetirmədiyini gördüm.
 
- «Turan»da oynayarkən baş məşqçiniz olan Naci Şensoyun Cavid Hüseynov barədə «küçədən gətirdim, futbolun sirlərini öyrətdim» ifadəsini işlədib.
- Siz demək istəyirsiz ki, onu Ramiz Məmmədov gətirib böyuk futbola, Şensoy isə yalan danışır?
 
- Hər halda həqiqətən budu…
- Birincisi, Şensoy mənim hörmət bəslədiyim məşqçilərimdən biridi. Mən onun türkçü, vətənpərvər bir insan olmasını bilirəm. İnanmıram ki, o, sosial şəbəkədə belə bir status yazsın. Bəlkə də görünür, Cavidin başına gələn hadisədən çox pis olub və həmin hadisənin təsirindən fikrini elə çatdırmaq istəməyib. İkincisi də, mən Cavidi «Turan»a gətirməklə insanlıq borcumu yerinə yetirmişəm. Bir azərbaycanlı olaraq, şəhid balasına, çətin vəziyyətdə yaşayan qaçqın ailənin övladına kömək etmişəm. Bunu şişirtməyək. O, futbola küçədən gəlməyib. Məktəb keçib. Müəllimim Rəhman Tağıyev Cavidin böyuk futbola necə gəlməsi ilə bağlı hər şeyi mətbuata danışıb. Mən onun sözlərini təkrar etmək istəmirəm. Sadəcə, əlavə etmək istərdim ki, Cavid ümidlərimizi doğrultdu, məsləhətlərimizi dinlədi. O vaxt «Turan»da oynayan bütün futbolçular Cavidə dəstək verib. Kənan Kərimov, Nadir Nəbiyev, Azər Məmmədov, Asen Nikolov və başqalarının adını çəkə bilərəm. 
 
- Onun jurnalist Rasim Əliyevin ölüm hadisəsində bu və ya digər formada iştirakına inanırsızmı? 
- Biz hamımız Cavidi sakit və tərbiyəli uşaq kimi tanımışıq. «Turan»dan bəli dəyişməmişdi. Başıaşağı, öz üzərində işləyən, danışığını bilən uşaq görmüşük onu. Açığı, inanmıram və inanmaq da istəmirəm ki, o, belə bir iş tutsun. Yenə də hər şeyi istintaq müəyyənləşdirəcək. Ümid edirəm ki, istintaq bütün qaranlıq məqamslara aydınlıq gətirəcək və Cavidin günahsız olması bilinəcək. O, millidə oynayan istedadlı futbolçulardan biridi. «Qəbələ»nin Avroliqada uğur qazanmasında əziyyəti olan futbolçudu. 
 
- Premyer Liqada ilk 3 tur artıq arxada qalıb. Yeni mövsümün startı barədə təəssüratlarınızı bilmək istərdim.
- Çempionatın maraqlı keçəcəyini gözləyirəm. Düzdü, bəzi klublar zəifləyib və bəziləri strategiyasını dəyişib. Buna baxmayaraq, hər tur sürpriz ola bilər.

Xəbər xətti