Braziliyadan Bakıya üzə-üzə YAZI

13:58 - 31 Avqust 2015

Gözləyək, görək istirahət nə vaxt bitir?

 

Təxminən 15 günlük Braziliya səfərini başa vuran "Neftçi” rəsmiləri – icraçı direktor Elnur Məmmədovla direktor Vəli Qasımov Bakıya dönüb. Rəsmilərin bir neçə gündü ölkədə olmasına, bazaya baş çəkməsinə baxmayaraq, bu haqda məlumat verilmir. Nə klub saytında hər hansı açıqlamaya rast gəlirik, nə də mətbuatda. "Neftçi”də yeni müəyyənləşən "ağza su almaq” dəbi heç şübhəsiz, Elnur Məmmədovun beyninin məhsuludu. Problemlərdən qaçmaq, qınaqdan qurtulmaq üçün bundan asan yol nə ola bilər ki? Özləri danışmadığı kimi, mətbuatla əlaqəli olan Gündüz Abbaszadəylə Mehman Rəsulova da susmaq tapşırığı verilib. Sabiq ANS-çilər ya dəstəyi qaldırmır, ya da səhvən zəngə cavab verəndə müxtəlif bəhanələrlə aradan çıxmağı üstün tuturlar. "Yuxarı” danışmırsa, "aşağı”nın söz demək imkanı yoxdu. Çantalarını əllərinə verib hər ikisinə qapını göstərərlər.

 

Səfər təəssüratlarını öyrənmək üçün dünən həm Elnur Məmmədovu, həm də Vəli Qasımovu aradıq. Zənglərimiz yenə cavabsız qaldı. Həmin şəsxlər ki, okeanın o tayına keçıb oteldəki yerini rahatlamamış şəkillər çəkdirir, saytın əməkdaşları da bəh-bəhlə yerləşdirirdi. Başbilənlər Braziliyada futbolçu axtaran vaxtda iki futbolçu – Mixal Peskoviç və Antonio Quinta ilə müqavilənin bağlanması səfərdəkilərin ağzını birdəfəlik yumdu. Elxan Məmmədov kadrına nə tapşırıq veribsə, odu-budu kiçik Məmmədov gözə dəymir. Girib bazaya, başını çıxarmır ki, görən olar. Halbuki neftin pulları hesabına gerçəkləşən Braziliya səfəri haqda məlumat verilməli, bahalı otellərdə gün keçirənlər gördüklərin işin hesabatını təqdim etməlidi. Həm özlərindən vəzifəcə yuxarılara, həm də bizə, dolayısıyla azarkeşlərə. Dövlətin büdcəsindən silinən pulların hesabına iş görənlər hansı futbolçuları kəşf etdiklərini, kimlərlə görüşdüklərini, hansı klublarla əməkdaşlıq müzakirəsi apardıqlarını bildirməlidi. Bu, məsləhət deyil, üzərilərinə düşən vəzifədi. Biznesmen vəsaiti hesabına getməyiblər ki, kefləri istəyəndə danışıb, istəməyəndə sussunlar. Bizə demirlər, sayta desinlər. Bir-iki dənə də təzə şəkil qoysunlar yanına ki, yazı "yağlı” görünsün.


Bəlkə də yorulublar. Başları əyləncəyə o qədər qarışıb ki, cibdəki pul da qurtarıb. Onların qayıtmağa yol pulu tapmadıqları üçün bu səbəbdən Bakıya üzə-üzə gəldikləri istisna deyil. Ola bilər ki, yorğunluğu üzərilərindən atmaq üçün bir qədər istirahətə çəkiliblər. Gözləyək, görək istirahət nə vaxt bitir?

 

HƏBİB/ Sport7.az

Xəbər xətti