Bu nə absurd fikirlərdir?
Xorvat mütəxəssisin ölkəmizdə keçirdiyi ilk mətbuat konfransını yaxşı xatırlayıram. O, elə danışırdı ki, adam bir anlıq gözlərinə inanmaq istəmirdi. Yəni, AFFA da nə vaxtsa bizim milliyə düz-əməlli, heç bir intriqaya baş qoşmayan, heç kimlə prinsip aparmayan, işləmək həvəsində olan mütəxəssis gətirərmiş. İlk vaxtlar həqiqətən də belə idi. Hamıyla ünsiyyət quran, hər bir məsələyə obyektiv qiymət verən Robert Prosineçki qısa zamanda ölkəmizdə çoxlarının qəlbinə yol tapdı. Ancaq sən demə, bunlar hamısı görüntüymüş...
İlqar Qurbanovla bağlı durum bu adamın əsl üzünü göstərdi hamıya. Son zamanlar yaxşı formada olan cinah müdafiəçisini toplanışa belə cəlb eləməyən Prosineçki bu mövqedə oyun praktikasından əziyyət çəkən Məhəmməd Mirəzbəyova güvənib. Öz qeyri-obyektiv seçiminə bəraət qazandırmaq istəyən Robert Prosineçki bunları deyib:
"Maksim zədəlidi, İlqar Qurbanov ona görə də son oyunlarda forma geyinir. Onun oyunlarını da izləyirəm. İlqar uzun müddət oynamayıb. Məhəmmədin yeni komandasında çox oynamamağı ilə razıyam. Amma Məhəmməd çox sürətli və emisional oynayır. Onun Perişiçə qarşı uğurlu çıxış edəcəyinə inanıram".
Bu nə absurd fikirlərdir? Prosineçki ya ağlını itirib, ya da artıq onu da Foqts kimi “haqqın yoluna” gətiriblər. Necə yəni İlqar uzun müddət oynamayıb? Mövsüm yeni başlayıb, İlqar Qurbanov avrokuboklarda 5, çempionatda isə 1 oyunda start heyətdə meydana çıxıb. Ki, bu indiki durumda çox vacibdir. Yay tətilindən qayıdan əksər milli üzvləri ilə müqayisədə İlqar Qurbanov daha tez forma yığıb. İlqar Maksimin əvəzinə oynayır, Əlinin ya Vəlinin, bunun məsələyə nə əlaqəsi? Fakt odur ki, bu gün həmin mövqedə ən yaxşı durumda olan futbolçu İlqardı. Ona görə də, bu gün ondan yararlanmaq gərəkir. Prosineçki isə ağzına gələni danışır. Futboldan anlayışı olan hər kəs təsdiqləyər ki, İlqar bu gün həm sürəti, həm də aqressiyasına görə Mirzəbəyovdan daha üstün futbolçudur.
Çox təəssüf. Artıq Prosineçki də Foqtsun yoluyla getməyə başlayıb. Robert Prosineçki də get-gedə simasını itirir...
AFFA-nın suyundanmı belədir, yoxsa havasından? Ora ayaq basan əcnəbi də, bəsit düşüncə sahibinə çevrilir.
Emin ABBASOV
saytlarin hazirlanmasi