"Dedim, "Tahir müəllim, bəlkə cəhd edək?"
"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov öz açıqlamasında klubdan istefa verən Gündüz Abbaszadə Çempionlar Liqasının oyunu zamanı ("Şkenderbeu" - "Neftçi") Ağdamın işğalının 20 illiyi ilə bağlı canlı yayımda bütün Avropaya elanın verilməsinə və bir dəqiqəlik sükutun elan olunmasına nail olub.
Sportal.az xəbər verir ki, Gündüz Abbaszadə bununla bağlı bu gün "Facebook" səhifəsində status yazıb. Maraqlı olacağını nəzərə alaraq statusu təqdim edirik:
Albaniyada “Skenderbeu” ilə cavab matçından bir gün öncə, qaldığımız otelin həyətində çay içirdik. Tahir Süleymanova dedim ki, "sabah Ağdamın işğalının 20 ili tamam olur. Bəlkə məsələ qaldıraq, 1 dəqiqəlik sükut edək?" Tahir müəllimin cavabı qısa oldu. "Başını yorma, UEFA buna icazə verməz! Sən UEFA-nın qaydalarını bilirsən. Siyasi məsələlərə çox həssas yanaşırlar". Dedim, "Tahir müəllim, bəlkə cəhd edək?" O dönəmdə klub prezidenti olmuş Sadıq Sadıqovun razılığını aldıqdan sonra işə başladıq. Hazırda klubda çalışan tərcüməçimiz Qədir Həsənovla birlikdə UEFA nümayəndəsi slovakiyalı Riçard Havrillanın qarşısında necə ağladıqsa, ürəyi yumşaldı və 1 dəqiqəlik sükuta, eləcə də 4 cümləlik mətnin stadionda 3 dildə (Azərbaycan, ingilis və alban) səsləndirilməsinə icazə verdi. “Neftçi” bunu bacarmışdı! Çempionlar Liqasının təsnifat oyununda! Əslində bunu Gürcüstanda “Çixura” ilə matçda da etməli idik. Xatırlayırsınızsa, o ərəfədə döyüşlər qızışmışdı və bir neçə əsgərimiz şəhid olmuşdu... Bütün təzyiqlərə baxmayaraq, həmin oyunda da bir dəqiqəlik sükutu razılaşdırmışdıq. Amma və lakin matçın başlamasına bir neçə saat qalmış sapı özümüzdən olan baltalar bunu əngəllədilər. Kim? Hələlik bu məndə qalsın...
P.S. Yadıma düşmürdü heç. Sağ olsun, Tahir müəllim xatırlatdı".
saytlarin hazirlanmasi