"Avstriyadan çəkinməyimiz bizə məğlubiyyəti gətirdi" MÜSAHİBƏ

15:32 - 7 Sentyabr 2015

Adil Nağıyev: "Almaniya ilə oyunda tarix yazmaq istəyirik"
 
21 yaşlılardan ibarət milli komandamız və "Zirə"nin müdafiəçisi Adil Nağıyevin Sportal.az-a müsahibəsi:
 
- Seçmə mərhələnin son oyununda doğma meydanda Avstriya yığmasına 2:0 hesabı ilə məğlub oldunuz...
- Avstriya güclü komandadır, ancaq biz onları məğlub edə biləcək gücdəydik. Gərgin qarşılaşma oldu, təəssüflər olsun ki, öz səhvlərimizdən buraxdığımız 2 qolla məğlub olduq.
 
- Millimizin çox zəif oynaması fikri ilə razısanmı?
- Fikrimcə, elə də pis oynamadıq. Sadəcə oyunun əvvəllərində bizdə həyəcan var idi. Həm də Avstriyadan çəkinməyimiz bizə məğlubiyyəti gətirdi. Ona görə də, istədiyimiz oyunu göstərə bilmədik.
 
- 21 yaşlılardan ibarət millinin bir neçə üzvü əsas milli komandanın düşərgəsində idi. Onların yoxluğu komandaya nə dərəcədə təsir etdi?
- Bu barədə heç nə deyə bilmərəm. Amma Avstriya ilə oyunda oynayan futbolçular da əllərindən gələni etməyə çalışırdılar. Onların istəyi həm yaxşı oynamaq, həm də əsas milliyə yollanan futbolçuların yoxluğunu hiss elətdirməmək idi.
 
- Sabah Almaniya ilə qarşılaşacaqsınız...
- Rəqibimizin çox güclü Almaniya millisi olduğunu yaxşı bilirik. Amma bu bizi qorxutmur. İlk ev oyununda Avstriyaya qarşı yaxşı oyun göstərə bilmədik, lakin sabah yaxşı oyun göstərib sərfəli nəticə qazanmaq istəyirik. Əsas məqsədimiz Almaniya ilə oyunda yaxşı nəticə ilə qazanıb tarix yazmaqdır.
 
- Millimizin heyətində start heyətdə yer alırsan. Lakin çıxış etdiyin "Zirə"də 3 oyunda yalnız bir oyunda meydanda olmusan...
- Bu, baş məşqçinin qərarıdır və bu qərara hörmətlə yanaşıram. Lakin öz üzərimdə işləyirəm ki, özümü göstərim, əsas heyətdə yerimi bərkidim. Bunun üçün də əlimdən gələni edəcəm.
 
- Bu barədə məşqçilər heyəti ilə söhbətin olub?
- Olub, ancaq bunu demək istəmirəm. Bu haqda çox danışmaq istəmirəm.

Xəbər xətti