Təyyarəni gecə klubu ilə səhv salıblar
Milli komanda üzvlərinin getdiyi təyyarədə baş verən biabırçılıqlarla bağlı yazılarımızı bu qədər davam etdirmək istəməzdik. Amma AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlunun Sportal.az-ın yaydığı məlumatın həqiqətə uyğun olmadığını deməsi, hətta səfər jurnalistlərini də şahidliyə çağırmasını nəzərə alaraq, olanları detallı şəkildə yazmaq qərarına gəldik. Bundan sonra qoy ya Nərimanoğlu, ya da həmin jurnalistlər çıxıb desinlər ki, belə bir şey olmayıb...
Malta ilə oyuna yollanan təyyarəyə minən Robert Prosineçki və milli üzvləri xoşagəlməz mənzərə ilə üzləşiblər. Maltaya uçan təyyarədə futbolçu və jurnalistlərlə birlikdə xeyli sayda kənar şəxslər olub. Şən əhval-ruhiyyə ilə seçilən bir qrup adam futbolçuları yerlərindən qaldırıb arxa sıralara keçmələrini tələb ediblər və deyiblər ki, milli üzvləri 15-ci sıradan sonrakı yerlərdə əyləşsinlər. Robert Prosineçki və futbolçular bu durumdan narazı olsalar da, heç nə deməyiblər.
Sanballı yerlərdə əyləşən qonaqlar uçuş davam etdikcə, özlərini evdəki kimi hiss etməyə başlayıblar və artıq unudublar ki, bu, onların dostu Elxan Məmmədovun şəxsi təyyarəsi yox, milli komandanı rəsmi oyuna aparan, dövlət vəsaiti hesabına təşkil olunan xüsusi reysdir. Özlərini olduqca rahat hiss eləyən qonaqlar təyyarədə içki partisi təşkil ediblər. Uçuş boyu ayaq üstə viski içə-içə gedən bəylər və xanımlar təyyarəni gecə klubu ilə səhv salıblar. Bir sözlə, millini aparan təyyarəni “bardak” ediblər.
Və bütün bunlar jurnalistlərin gözü qabağında baş verib. Ancaq Mikayıl Nərimanoğlu özünə yox, heç olmasa səfərə yollanan jurnalistlərə hörmət qoyursa, onları şahidliyə çağırmasın. Aralarında şəxsiyyətinə hörmət qoyduqlarımız da var. Onları yalan danışmağa məcbur etməyin...
SPORTAL.AZ
saytlarin hazirlanmasi