Emin Quliyev: "Mənə elə gəlir ki, "Neftçi"də problemlər var"

01:00 - 10 Sentyabr 2015

"Əsas gücü fiziki hazırlıqlara verdik"
 
"Rəvan" çempionatda yaranmış fasilədən istifadə edərək Zaqatalada təlim-məşq toplanışı keçdiyi və bu toplanış zamanı iki yoxlama oyunu keçirdiyi ("Zaqatala" və Gürcüstan klubu "Saburtalo") barədə məlumat vermişdik.
 
Komandanın baş məşqçisi Emin Quliyev təlim-məşq toplanışını Sportal.az-a açıqlamasında dəyərləndirib:
 
"Hamıya məlum oldu ki, yayda təlim-məşq toplanışı keçməmişdik. Yaxşı oldu ki, fasilə yarandı, biz də Zaqatalaya toplanışa yollandıq. 12 gün orda olduq. İlk yoxlama oyununda "Zaqatala" ilə matçda komandamda oyundan əvvəl bir az yükləmə olduğu hiss olunurdu. "Saburtalo" ilə oyunda komandamdan xoşum gəldi, həqiqətən yaxşı oynadıq və 3 cavabsız top vurduq. Əsas gücü fiziki hazırlıqlara verdik. Ümumilikdə, toplanış komandaya xeyirli oldu".
 
Quliyev iki gün sonra qarşılaşacağı "Neftçi" ilə oyun haqda da fikirlərini bildirib:
 
"Mənə elə gəlir ki, "Neftçi"də problemlər var. Amma "Neftçi"nin adı elə "Neftçi"di. Düzdür, rəqibdə də gəncləşdirmə siyasəti gedir, komandaya yeni baş məşqçi təyin olunub, ona da uğurlar arzulayıram. Onlarla oyunumuz maraqlı alınacaq, kim güclü oynasa, o da qalib gələcək".

Xəbər xətti