Sadıq Sadıqov: " Bu dəqiqədən qolumuzu çırmalayıb işləməliyik ki, nəsə əldə edə bilək" MÜSAHİBƏ

18:30 - 10 Sentyabr 2015

"Ola bilsin, baş məşqçi xarici olsun, amma digərləri mütləq yerli olacaq"
 
Cüdo Federasiyanın yeni vitse-prezidenti Sadıq Sadıqovun apasport.az saytına müsahibə verib.
 
Sportal.az müsahibəni təqdim edir:
 
- Cüdo Federasiyasının yeni vitse-prezidentlərindən biri də siz təyin olunduz. Həm bu, həm də ilk konfransla bağlı fikirlərinizi bilmək istərdik...
- Konfransda bir çox məsələlərə toxunuldu. Cüdoya yeni İcraiyyə Komitəsi seçildi. Komitənin üzvlərindən biri də mən idim ki, idman işləri üzrə vitse-prezident təyin olundum. Həmçinin “Neftçi İdman Klubu”nun İctimai Birliyinin və Aparatının rəhbəriyəm. Orda cüdo idman növü ilə bərabər, 35 idman növü üzrə komandalar var, hazırlıq gedir. Cüdoda da bizim potensiallı idmançılarımız var. Nəzərə alsaq ki, bu gün millinin 90 faizini “Neftçi”nin idmançıları təşkil edir, deməli, vitse-prezident təyin olunmağım gözlənilən idi. Bir də neçə il idmanın içində olduğum üçün bu vəzifəni mənə tapşırdılar. Düzdü, çox çətindi. Çünki Cüdo Olimpiya idman növüdü. İdmanda da pik nöqtə Olimpiadadakı nəticədi. Bu gündən, bu saatdan, bu dəqiqədən qolumuzu çırmalayıb işləməliyik ki, nəsə əldə edə bilək.
 
- Baş məşqçi məsələsi nə yerdə qaldı?
- Yəqin ki, sabah və ya birisigün məşqçilərlə görüşəcəyik. Orda ağsaqqal məşqçilərimiz var ki, onlara ehtiyacımız var. Onlarla bir yerdə məsləhətləşib, qərar verəcəyik. Bizdən əvvəl yığmanın sabiq baş məşqçisi avstriyalı Petr Zayzenbaher olub. Millinin uşaqları da onu çox tərifləyirlər ki, yaxşı məşqçidi. Onun dövründə Elxan Məmmədov dünya çempionu adını qazanıb. Məşqçilik elə bir məsələdi ki, tək bir adamın qərarı ilə yox, məsləhətlə olmalıdı. Tək bir adam bu məsələdə qərar versə, necə deyərlər, özünü “yandıra” bilər. Söhbət ondan gedir ki, bizim çox yüksək səviyyəli mütəxəssislərimiz var. Petr Zayzenbaherin dövründə ilk dünya çempionumuz oldusa, Ağayar Axundzadənin vaxtında da ikinci Olimpiya çempionumuz olmuşdu.
 
- Baş məşqçinin yerli və ya xarici olacağını deyə bilərsizmi?
- Xarici də olsa, yanında yerli məşqçi olacaq. Komanda bir baş məşqçidən ibarət olmur. 4 yaş qrupu var: yeniyetmə, gənc, 23 yaşa qədər, bir də kişilər. Ola bilsin, baş məşqçi xarici olsun, amma digərləri mütləq yerli olacaq. Bizim fikrimiz odu ki, yerli məşqçilərin də təcrübəsindən yararlanaraq, cüdonu inkişaf etdirək. Azərbaycan cüdosu bu gün yüksək səviyyədədi. Uşaqlarda potensial var, bir balaca diqqət və qayğı lazımdı. Təlim-məşq toplanışları, beynəlxalq turnirlər, bu kimi işləri görmək lazımdı ki, uşaqlar daha da inkişaf etsinlər və nəsə əldə edə bilsinlər. Hamımız bir yerdə əl-ələ verib, bunu edəcəyik.
 
- Əvvəl cüdo federasiyası üçün mərkəz tikilməsi nəzərdə tutulmuşdu. Bu məsələ gündəmdədimi?
- Bundan sonra federasiyanın balansında öz maddi-texniki baza olmalıdı ki, inkişaf olsun. Allaha şükür edirəm ki, cənab prezidentimiz İlham Əliyev həm də Milli Olimpiya Komitəsinin prezidentidi və idmanı çox sevir. Onun tərəfindən idmana necə qayğı olduğunu özünüz də bilirsiz. Cənab prezident Cüdo federasiyasının yeni prezidenti kimi Rövnəq Abdullayevi təyin edib. İnanıram ki, hər şey yüksək səviyyədə olacaq. Maddi-texniki baza da yaradılacaq. 

Xəbər xətti