"İki oyundan bir, qırmızı almağa öyrəşmişik"
Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçirilən "Neftçi" - "Xəzər Lənkəran" (1:1) matçından sonra qonaq komandanın qolkiperi Orxan Sadıqlı Sportal.az-ın suallarını cavablandırıb:
- Oyun haqda fikirlərin?
- Oyun çox gərgin keçdi. İlk hissəyə yaxşı başlamamışdıq. İkinci hissədə qırmızı vərəqə almasaydıq, bəlkə də hesab başqa cür ola bilərdi.
- Oyunun qırılma nöqtəsi sənin penalti epizodunu yaratmağın və həmin penaltini dəf etməyin oldu...
- Ola bilər. Hakim mənə dedi ki, bədənin rəqib futbolçuya toxunub. Əsas odur ki, penalti zərbəsini geri qaytara bildim.
- Skarlatakenin qırmızı vərəqə alması barədə nə deyə bilərsən?
- İki oyundan bir, qırmızı almağa öyrəşmişik. Elə vaxt olur haqlı qərar olur. Elə bir vaxt da olur ki, haqsız qərarla qarşılaşırıq. Hakimlikdən danışmaq istəmirəm. Oyunda ədaləti qoruyan hakimdi. Ona görə də nəsə danışmaq yersizdi.
- Bu gün “Neftçi” azarkeşləri tərəfindən xüsusi təzyiqlərə məruz qalanlardan da biri sən oldun...
- Bu təzyiqlər mənə təsir etmirdi. Bunlar mənə təsir etsəydi, reaksiya verərdim. Mən həmin mərhələlərdən keçmişəm. Mənim üçün əsas komandadır. Ona görə də, komandama zərər yetirəcək bir şey etmək istəmərəm.
-Ötən mövsümə baxdıqda zədəli olmağın və bir sıra səbəblərdən sənin üçün uğursuz alındı. Bu mövsümdə isə artıq özünü yaxşı tərəfdən göstərə bilirsən. Bu barədə fikirlərin?
- Təbii ki, ötən mövsüm mənim üçün uğursuz oldu. Bir çox zədələr aldım və buna görə də, komandama kömək edə bilmədim. Lakin, hazırda komandamla birgəyəm. Yaxşı təlim-məşq keçmişik. Özümdə irəliləyiş hiss eləyirəm. Bunun üçün Vidadi müəllimə öz təşəkkürümü bildirirəm. Onun mənim üzərimdə əməyi çox böyükdür. Onunla işləmək həqiqətən də çox xoşdur. Növbəti oyunlarda daha da yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik.
- Məlum olduğu kimi, FİFA “Xəzər Lənkəran”a transfer qadağasını qüvvədə saxladı. Məhz, bu amil komandanı iddialılar sırasından kənarda qalmasına təsir göstərmir?
- Düzdür, biz yaxşı transferlər etmişdik. İstər yerli olsun, istərsə də legioner. Bu hadisə hər bir klubun başına gələ bilər. Biz bunu düşünməməliyik. Bu cavanlar üçün də bir şansdır. “Xəzər Lənkəran” öz gücünü geri qaytaracaq. Lakin, əsas odur ki, bu çətin günlərdə komandanın yanında qalıb dəstək olmaqdır.
- Pavel Kapsa ilə rəqabətdə özünü daim əsas heyətdə görürsən?
- Təbii ki, rəqabət inkişaf etmək üçün yaxşıdır. Kapsanın, Tərlanın və ya mənim oynamağımın heç bir fərqi yoxdur. Əsas odur ki, komandaya xeyir verə bilək.
- Bu oyunda zədə aldın. Hazırda vəziyyət nə yerdədir?
- Əməliyyat olunan ayağımda ağrılar var idi. Bu ağrı “Qarabağ”la oyundan sonra başlamışdı. Süni meydançada oynamağımız mənə pis təsir etmişdi. Hazırda isə, vəziyyət yaxşıdır.
saytlarin hazirlanmasi