"Belə bir oyunda penalti təyin etməmək də olardı"
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
Sportal.az həmin müsahibəni sizə təqdim edir:
- "Neftçi"yə qarşı çox zəif çıxış etməyinizə nə səbəb oldu?
- Oyuna ehtiyatlı başladıq. İlk dəqiqələrdən hücuma atılmaq istəmirdik. Ağıllı futbol oynamağa çalışırdıq. Rəqibi yaxşı analiz etmişdik. Çoxlu gənc futbolçusu var. Topa yaxşı nəzarət edirlər, fiziki cəhətdən güclüdürlər. Birinci hissədə istədiyimiz kimi çıxış edə bilmədik. İkinci hissəyə rəqib daha fəal başladı. Biz yalnız buraxılan qoldan sonra ayıldıq və risk etməyə başladıq.
- Bəlkə rəqib hesabı açdıqdan sonra özü təşəbbüsü sizə verdi?
- Bu faktı da istisna etmirəm. Amma bizim hücumdakı oyunumuz alınmağa başladı. Yaxşı hücumlar təşkil etdik. Sadəcə, onlardan yararlana bilmədik. Sonda penaltidən fərqlənərək bir xal qazandıq. Fikrimcə, heç də pis nəticə deyil. Oyundan öncə mənə heç-heçə təklif olunsaydı, razılaşardım. Belə oyunlarda əsas uduzmamaqdır.
- Rəqibin sizinlə müqayisədə daha yaxşı komanda oyunu sərgilədiyini demək olar. Xüsusilə də hücum xəttində...
- Bizim hücum potensialımıza diqqət yetirsəniz, yeniliklərin olduğunu görmək çətin deyil. Əfran İsmayılovla Armenteros kollektivə yeni qoşulub. Reynaldo sol cinahda çıxış edirdi. Bu da normaldır. Bütövlükdə, uşaqlar yaxşı qol vəziyyətləri yaratdılar və pis oynamadıq. Başqa nüanslar da var idi. Məsələn, biz hələ bu qazonda oynamağa öyrəşməmişdik.
- Oyundan sonra "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev penalti epizodunu nəzərdə tutaraq dedi ki, onların qələbəsi əllərindən alındı...
- Mən ona cavab verməyəcəyəm. Çünki mənim də öz fikirlərim var. Oyun zamanı mənə elə gəldi ki, qayda pozuntusu var. Amma sonradan təkrara baxdıqda gördüm ki, hakimin qərarı çox ağır olub. Belə penaltidən sonra uduzmaq heç-heçədən daha yaxşıdır. Hakimin bu qərarı komandamıza da pis təsir edib. Ola bilsin ki, Fariz Yusifovun durduğu yerdən qayda pozuntusu olduğu görünürmüş və ona görə belə qərar verib. Çünki hətta bəzi mövqelərdən çəkilmiş videolarda da penalti olduğu görünür. Eyni zamanda orada rəqib futbolçunun oyunçumuza təmasının olduğunu düşünürəm, sadəcə, zəif idi. Belə bir oyunda penalti təyin etməmək də olardı. Amma artıq heç nəyi dəyişmək mümkün deyil. "Neftçi" yaxşı oynadı və qələbəyə layiq idi.
- Ola bilər ki, siz qarşıdakı Avroliqa matçını - "Anderlext"lə görüşü nəzərə alaraq, gücünüzə qənaət edirdiniz?
- Bizim belə fikrimiz yox idi. Rəqibin sərgilədiyi oyuna kölgə sala bilmərik. Sadəcə, ilk dəqiqələrdən var gücümüzlə irəli atılmaq istəmirdik. Amma nə qədər də deməsək, həm bizim, həm də "Qəbələ"nin futbolçularının ağlında Avroliqa oyunları var. Bu turnirdə çıxış etməyimiz Premyer Liqadakı çıxışımıza təsirini göstərir. Diqqət yetirmisinizsə, çempionat oyunlarına əsas heyətlə də çıxmırıq. Lakin istənilən halda "Neftçi" yaxşı oyun sərgilədi və bu, mövsümün çox çətin keçəcəyindən xəbər verir. Birinci yer uğrunda hazırda dörd klub mübarizə aparır. Deməli, çempionluq mübarizəsi təkcə "Qarabağ"la "Qəbələ" arasında olmayacaq.
- Jurnalistlər "Azərsun Arena"da özlərini komfortda hiss etdilər. Bəs futbolçular?
- Biz də stadiondakı atmosferdən həzz aldıq. Azarkeş tutumu az olsa da, dolu tribunalar önündə oynamaq çox xoşdur. Gələcəkdəki oyunlarda da belə olmasını istəyirik. Biz də yaxşı nəticələrlə azarkeşlərimizi sevindirməyə çalışacağıq. Oyundan sonra "Qarabağ"ın heç bir futbolçusunun miks-zonaya yaxınlaşmadığına görə də üzr istəyirəm. Ağır oyun idi, hamı yorulmuşdu. Yəqin ki, buna görə miks-zonaya yaxınlaşmaq heç kimin yadına düşmədi. Növbəti oyunlarda bu, təkrarlanmayacaq. Biz jurnalistlərə həmişə hörmətlə yanaşmışıq. Bundan sonra da elə olacaq.
- "Anderlext"lə oyundan nə gözləyirsiniz?
- Rəqiblərimizin hamısı bir-birinə oxşayır. Hücum futbolunu sevirlər. Heyətlərində güclü futbolçular var. Çətin olacaq. Son oyunun ardından bir gün istirahət etmişik. Əlimizdən gələni edəcəyik ki, qarşıdakı oyunda yaxşı nəticə qazanaq.