"Qaydalarda "yüngül" və ya "ağır" anlayışı yoxdur"
Azərbaycanlı FİFA referisi Fariz Yusifovun azerisport.az saytına müsahibə verib.
Sportal.az müsahibəni təqdim edir:
- Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində idarə etdiyiniz "Qarabağ" - "Neftçi" matçının sonlarında təyin etdiyiniz penalti epizoduna baxmısınız?
- Baxmamışam və heç vaxt da belə etmirəm. Həmin epizodda toxunuş var idi və mən də penalti təyin etməliydim. Mən öz qərarımda haqlıyam. Belə də yazın.
- Amma hətta "Qarabağ" tərəfi də penalti qərarının çox ağır olduğunu iddia edir...
- Qaydalarda "yüngül" və ya "ağır" anlayışı yoxdur. "Neftçi"nin futbolçusu öncə rəqibi tuturdu, sonra isə itələdi. Qaydaları pozmuşdu. Futbol ictimaiyyətini də öz vicdanları qarşısında təmiz olmağa səsləyirəm. Qoy hər kəs həmin epizoda təkrar baxsın və ədalətli qərarın nə olduğunu desin.
- Belə başa düşdük ki, siz bundan sonra da oxşar epizodlarda penalti təyin edəcəksiniz?
- Bəli, 10 dəfə, hətta 100 dəfə də belə epizod təkrarlansa, mən penalti təyin edəcəyəm. Oyun qaydalarına baxın. Mən ki özümdən yeni qaydalar kəşf etmirəm. Qanunla hərəkət etmişəm. Bu işdə 22 illik təcrübəm var. "Qarabağ"la "Neftçi"nin nə qədər oyununu idarə etmişəm. Heç vaxt ədalətsiz qərar verməmişəm.
- Amma Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bəyan edib ki, penalti yox idi. Halbuki, belə mübahisəli məsələlərdə o, həmişə hakimlərin tərəfini tuturdu...
- Onun da dediklərini öz insafına buraxıram. Məmmədov yaxşı hakim olub. İnanmıram ki, o, həmin epizodda qayda pozuntusunun olmadığını desin.
- Hakimlər Komitəsi böyük ehtimalla buna görə sizi cəzalandıracaq...
- Mən ədalətli, ədalətsiz çox cəzalar almışam. Ona görə də bu, mənə təəccüblü görünmür. Mən futbol ictimaiyyəti qarşısında təmizəm. Cəzadan qorxmuram. Belə cəzalar məni ideyalarımdan döndərə bilməz. Ola bilər ki, müəyyən maliyyə çətinliklərim olacaq, amma onun öhdəsindən gələrəm. Əsas odur ki, vicdanım təmizdir. Epizodun son dəqiqələrə təsadüf etməsinin günahı məndə deyil. Günah "Neftçi"nin futbolçusundadır (Samir Məsimovu nəzərdə tutur - red.) ki, son dəqiqələrdə qaydanı pozdu. Oyundan sonra Çingiz Abdullayev hər kəsi obyektiv olmağa səsləyib. Düz sözdür. Mən də öz növbəmdə hamını obyektivliyə səsləyirəm.
saytlarin hazirlanmasi