Qurban Qurbanovun kimliyi bu ölkədə hamıya məlumdur
Əslində, futbolumuz lap əvvəllərdən qaranlıq oyunlara, intriqalara səhnə olub. Bu illər ərzində nələr görmədik bu futbolda... İndi də “Qarabağ”a qarşı oyun qururlar, çirkin oyun.
“Qarabağ”ı gözləyən təhlükə barədə hələ xeyli müddət əvvəl yazmışdıq. Çünki Azərbaycan futbolunu inhisara alan qüvvələr “Qarabağ”ı heç cür ələ keçirə, bu kluba istədiyini diqtə edə bilmirlər. Digər tərəfdən də “Qarabağ”ın ölkədə günü-gündən artan nüfuzu, böyük azarkeş kütləsi tərəfindən sevilməsi həmin qüvvələri ciddi-ciddi narahat eləyir. Axı, uzun illərdir futbolumuzu geri salan, dövlətin pullarını havaya sovuranlar özləri də anlayırlar ki, “Qarabağ”ın ortaya qoyduğu iş bir göstəricidi, peşəkarlıq göstəricisi.
Lakin “Qarabağ”ı “vurmaq” istəyənlər həm də başa düşürlər ki, bu komandanın qarşısını almaq elə də asan deyil. Məsələ burasındadır ki, bu gün “Qarabağ”la çempionluq mübarizəsi aparmaq gücündə olan yeganə komanda “Qəbələ”di. Di gəl, Tale Heydərovun klubunun özü də AFFA-nın qara siyahısındadı. Çünki onlar da “Qarabağ” kimi AFFA-ya boyun əymir, Elxan Məmmədovun hər istəyini yerinə yetirmirlər. Məhz bu iki klubdan birinin çempion olacağını anlayan AFFA rəhbərliyi maraqlı strategiya qurub.
“Qarabağ”ın qarşısını ala bilməyəcəyini anlayan qüvvələr çirkin oyuna əl atıblar. Ənənəvi, dəfələrlə sınaqdan çıxarılmış metod işə salınıb – hakimlik. Adətən hakimlərin əliylə hansısa komandanı yuxarı dartsalar da, bu dəfə missiya tam fərqlidir. Məqsəd “Qarabağ”ı gözdən salmaq, digər klubların haqqını yeyirmiş görüntüsü yaratmaqdır. Ona görə də, demək olar hər tur “Qarabağ”ın lehinə penalti qərarları verilir. Vəziyyət artıq o həddə çatıb ki, “İnter”lə son turun oyununda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçusuna penalti zərbəsini çölə vurmağı tapşırıb. Bununla da yuxarılara mesaj verib ki, bizim belə köməyə ehtiyacımız yoxdur. Axı, futboldan anlayışı olan hər kəs görür ki, “Qarabağ” Azərbaycan standartlarından qat-qat üstün futbol nümayiş etdirir və Qurban Qurbanovun komandası hətta ardıcıl 3 məğlubiyyətlə üzləşsə də, üst-üstə 10 qələbə qazanmaq gücündədi bu çempionatda. Avroliqada oyunlarına baxıb qürur duyduğumuz bir komandanın orta səviyyədən də aşağı bir çempionatda hakim köməyinə ehtiyacı varmı? Yox, qətiyyən! Çempionat oyunlarında ən böyük klublar belə mövsüm boyu hətta autsayderlərə məğlub ola bilər. Burada qeyri-adi heç nə yoxdur. Yəni, “Qarabağ” Premyer Liqada hər hansı komandaya məğlub olsa bu, nə birinci olacaq, nə də sonuncu.
Qurban Qurbanovun kimliyi bu ölkədə hamıya məlumdur. Arxada qalan illər bəlkə də haqqı ən çox yeyilən məşqçi elə o olub. Ancaq heç vaxt hakimlərdən dəstək alaraq çempionluq yaşamaq istəməyib. Bu çirkin oyuna əl atanlar anlamalıdılar ki, bu “geydirmə” penaltilərlə “Qarabağ”ı, Qurban Qurbanovu yox, özlərini gözdən salırlar. “Qarabağ” elə “Qarabağ”dı. Xalqın “Qarabağ”ı!
Emin ABBASOV
saytlarin hazirlanmasi