"Zirə"nin müdafiəçisi: "Bizim gücümüz geridə qalan 7 turda göründi" MÜSAHİBƏ

11:00 - 6 Oktyabr 2015

"Əsas odur ki, bizim komandada inam var"
 
"Zirə" və 21 yaşlılardan ibarət millimizin üzvü Adil Nağıyevin Sportal.az-a müsahibəsi:
 
- Premyer Liqanın 7-ci turunda güclü rəqiblərinizdən "Neftçi"ni məğlub etdiniz...
- Çempionatın ən güclə rəqiblərindən biri ilə qarşılaşdıq. Oyundan əvvəl yalnız bir şey fikirləşirdik, qələbə qazanıb "Neftçi" ilə aramızdakı xal fərqini artırmaq. Çətin qarşılaşma oldu, mübarizə apardıq, meydanın hər bir yerində vuruşduq və məqsədimizə çatdıq. Şükürlər olsun ki, bu oyunda məğlubiyyətsizlik seriyamızı da davam etdirdik. Azarkeşlərimizə də öz təşəkükrümü bildirirəm, xüsusən ev oyunlarında bizə çox dəstək olurlar.
 
- Bir neçə tur əsas heyətdən kənarda qalsan da, son iki turdur, yenidən ilk "11-lik"də yer alırsan. Əsas heyətdə çıxış etməməyinin səbəbi nə idi?
- Səbəbini bilmirəm, baş məşqçinin qərarldlr və hörmətlə yanaşıram. Ehtiyatda olduğum müddətdə öz şansımı gözləyirəm, şans verildikdə, çalışıram ki, sübut edim ki, əsas heyətdə oynamağa layiqəm.
 
- İki oyundur, mərkəz müdafiəçisi kimi yox, yeni mövqedə cinah müdafiəçisi kimi oynayırsan. Bu nə dərəcədə təsir edir?
- Az da olsa, oyunuma təsir edir. Amma çalışıram, yeni mövqemdə də yaxşı tərəfdən özümüm göstərim, məşqçinin verdiyi tapşırığı yerinə yetirim. Artıq demək olar ki, yeni mövqeyimə də uyğunlaşmışam. 
 
- Qarşıda iki çətin "Qarabağ" və "Qəbələ" ilə oyunlar var. Çoxlarının "Zirə"nin əsl gücünün bu oyunlarda görünəcəyi deyilir...
- Bizim gücümüz geridə qalan 7 turda görsəndi. Çempionatda zəif rəqib yoxdur, bizim komanda yaxşı nəticə qazana biləcək və hər bir rəqiblə başabaş mübarizə aparacaq gücdədir. "Qarabağ" və "Qəbələ" favorit sayıla bilər, amma hər iki oyunda da yaxşı nəticə qazanmaq üçün meydanda olacağıq. Heç bir komandadan çəkinmirik.
 
- Hazırda 3-cü pillədə qərarlaşmısınız. Bu nəticəni sona qədər qorumağınız nə qədər realdır?
- Əlbəttə, çətin olacaq. İlk "3-lüy"ə yüksəlmək asandı, amma bu nəticəni qorumaq çətin. Biz də çalışacıq ki, bura kimi necə gəlmişiksə, sona kimi də elə davam edək. Əsas odur ki, bizim komandada inam var. Bu da yaxşı nəticə əldə etməkçün çox vacibdir.
 
- 21 yaşlılardan ibarət milli komandaya Avstriya və Finlandiya ilə oyunlarda dəvət almısan. Yığmada mərkəz müdafiəçisi kimi görürük. "Zirə"də cinahda oynamağın, millidə sənin işini çətinləşdirməyəcək?
- Meydanda ən rahat çıxış etdiyim mövqe mərkəz müdafiəçisidir. Hansı mövqedə oynayıramsa oynayım, istənilən vaxt mərkəz müdafiəçisi kimi çətinlik çəkmədən çıxış edə bilərəm.
 
- Avstriya və Finlandiya ilə oyunlar haqda nə deyə bilərsən?
- Avstriya güclü komandadır, ev oyununda məğlub olmuşduq. Bu oyunda yaxşı oyun göstərib sərfəli nəticə əldə etmək üçün vuruşacağıq. Finlandiya ilə oyun haqda isə Avstriya ilə oyundan sonra düşünəcəyik. Bütün fikrimizi Avstriya ilə oyuna yönəltmişik.

Xəbər xətti